Logo

“Ədibin evi”ndə tədbir: “Füzuli və Mir Cəlalın yaradıcılığı” - FOTO

17.05.2024 15:09 179 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Ədibin evi”ndə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Füzuli və Mir Cəlalın yaradıcılığı” mövzusunda tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Tədbir iştirakçıları əvvəlcə görkəmli ədib, alim, pedaqoq, professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən sənədli filmə baxıblar.

Fakültənin Ərəb filologiyası kafedrasının müəllimi professor Tərlan Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncamının zəngin ədəbi-mədəni irsimizin yaşadılması, qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabı bu zəngin irsin öyrənilməsi baxımından ən qiymətli mənbələrdəndir. Bu, Füzuli haqqında müasir elmi-metodologiya ilə yazılan ilk monoqrafiyadır. “Füzuli sənətkarlığı” ilk dəfə 1958-ci ildə nəşr edilsə də, füzulişünaslıqda böyük bir hadisə kimi elmi əhəmiyyətini bu günə qədər qorumaqdadır. Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatşünaslığında bu kitabla Füzuli irsinin öyrənilməsi məktəbinin əsasını qoyub.

Ərəb filologiyası kafedrasının müdiri dosent Vüqar Qaradağlı Füzuli irsinin dəyərlərindən danışaraq, tələbələr üçün belə görüşlərin əhəmiyyətindən bəhs edib. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun sektor müdiri professor Atəmi Mirzəyev isə Füzuli yaradıcılığı haqqında geniş məruzə edib, Füzuli irsinin professor Mir Cəlal Paşayevin elmi yaradıcılığında mühüm yer tutduğunu vurğulayıb.

Ərəb filologiyası kafedrasının dosenti Heybət Heybətov Füzulinin ərəbdilli yaradıcılığından bəhs edib, Füzulinin qəsidəsini ərəb dilində oxuyub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Humanitar fənlər kafedrasının müəllimi Yaqut Quliyeva və Ərəb filologiyası kafedrasının müəllimi Xəyalə Mustafayeva Füzuli irsinin müasir əhəmiyyətindən danışıblar.

Sonda Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Nigar İsmayılzadə belə tədbirlərin BDU tələbələrinin yetişməsində mühüm rol oynadığını qeyd edib.

Xəbər lenti