Logo

Kiyevdə Səməd Vurğunun xatirəsi anılıb

24.03.2024 18:40 143 baxış
IMG

Ukraynanın paytaxtı Kiyevdə görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsi anılıb.

Tehsil.biz xəbər verir ki, tədbir martın 21-də - 1978-ci ildən S.Vurğunun adını daşıyan şəhər kitabxanasında şairin anadan olmasının 118-ci ildönümü ilə əlaqədar təşkil olunub.

Tədbirdə kitabxananın əməkdaşları ilə yanaşı, Ukraynanın xalq deputatı, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Sergey Naqornyak da iştirak edib. O, kitabxananın kollektivi ilə birlikdə Səməd Vurğunun abidəsi önünə gül dəstələri qoyub.

Xalq deputatı S.Vurğun adına kitabxananın yeni layihələri və fəaliyyətinin canlandırılması, eləcə də şairin ədəbi irsinin təbliği imkanlarını müzakirə edib.

“Ukrayna ilə Azərbaycan arasında mədəni dialoqun inkişaf etdirilməsi, ölkələrimiz arasında əlaqələri inkişaf etdirmiş görkəmli şair və tərcüməçilərin ədəbi irsinin öyrənilməsi vacibdir. Bura Azərbaycan ədəbiyyatının ən görkəmli ukraynalı tərcüməçisi, şair, Ukrayna ədəbiyyatının klassiki Nikolay Miroşnıçenkonun sevimli kitabxanası olub. Görkəmli Azərbaycan şairləri burada ədəbi gecələr keçiriblər. Ukrayna-Azərbaycan münasibətlərində formalaşmış ənənələrin davam etdirilməsi çox vacibdir”, - Sergey Naqornyak bildirib.

Qeyd edək ki, şairin anadan olmasının ildönümü ilə bağlı onun kitablarından ibarət sərgi də açılıb.

Xəbər lenti