Logo

Milli Kitabxanada “Məhəmməd Tağı Sidqi - 170” adlı kitab sərgisi açılıb

26.03.2024 11:33 133 baxış
IMG

Görkəmli pedaqoq, maarifçi və ədib Məhəmməd Tağı Sidqinin yubileyi münasibətilə Milli Kitabxanada “Məhəmməd Tağı Sidqi – 170” adlı kitab sərgisi açılıb.

Milli Kitabxanadan "Tehsil.biz"ə verilən məlumata görə, sərgidə ədibin əsərləri, həyatı haqqında, Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında gördüyü mühüm işlərdən bəhs edən ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Məhəmməd Tağı Sidqi 1854-cü il martın 22-də Ordubad şəhərində dünyaya göz açıb. Mədrəsə təhsili almasına baxmayaraq, klassik Şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənib.

Sidqi Ordubadda “Əxtər” (1892, maarifçi ziyalı Hüseyn Sultan Kəngərli ilə birgə), Naxçıvanda isə “Tərbiyə” (“Məktəbi-Tərbiyə”, 1894) məktəbi təsis edib, xalq müəllimi kimi şöhrət qazanıb, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olub. Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin – “Nümuneyi-əxlaq”, “Töhfeyi-bənat, yainki Qızlara hədiyyə”, “Müxtəsər coğrafiya risaləsi” və s. müəllifidir.

Sidqi müntəzəm surətdə bədii yaradıcılıqla da məşğul olub. “Məktəb hekayələri” silsiləsi ilə Azərbaycan uşaq nəsrinin ilk yetkin nümunələrini yaradıb. Bu silsiləyə yazıçının “Məktəbə davam”, “Gözütox uşağın hekayəti”, “Yalançı uşaq”, “Səxavətli uşaq” və digər hekayələri daxildir.

Məhəmməd Tağı Sidqi xalqının, millətinin maariflənməsi uğrunda mübarizə aparan ilk maarif fədailərindəndir. O, əsərlərində özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətləri bədii şəkildə təbliğ edib.

Xəbər lenti