Logo

UNEC-də “Elm günləri”nə start verilib - FOTO

27.03.2024 18:14 143 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm günləri”nə start verilib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, bu münasibətlə keçirilən tədbirin açılış mərasimində çıxış edən universitetin rektoru professor Ədalət Muradov Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, martın 27-nin Azərbaycanda Elm Günü olaraq təsis edildiyini diqqətə çatdırıb.

Rektor UNEC-də elmi fəaliyyətlə bağlı görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirib ki, “Scopus”da çap olunan məqalələrin sayı 2014-cü illə müqayisədə 2023-cü ildə 103 məqalə artaraq 411-ə çatıb. “Scopus” bazasında istinadların sayı 46 dəfə artaraq, 693-ə yüksəlib. Q1 kvartilli jurnallarda çap olunan məqalələrin sayına görə UNEC ölkədə liderdir. UNEC alimləri 76 xarici ölkənin alimləri ilə birgə məqalələr yazıblar.

“Web of Science” bazasında 2014-cü illə müqayisədə məqalələrin sayı 59, məqalələrə olan istinadların sayı isə 1673 dəfə artıb. UNEC “SCimago” reytinqində Azərbaycan birincisi olub. “İqtisadiyyat, ekonometrika və maliyyə” sahəsi üzrə dünyada 691-ci, Şərqi Avropada isə 33-cü yerə yüksəlib.

Rektor UNEC-də “Gələcək özümü gələcək?” mövzusunda ilk ictimai müzakirənin keçirildiyini də bildirib. Gələcəyin mədəni, elmi, ideoloji hədəflərinə həsr olunmuş ilk müzakirənin “Gələcək əsr deyil, əsərdir!” başlığı ilə aparıldığını qeyd edib.

Sonra UNEC-in elm üzrə prorektoru dosent Fariz Əhmədov “UNEC-də elmin mövcud vəziyyəti: yeni dövr strategiyaları” haqqında çıxış edərək, universitetdə elmi fəaliyyətlə bağlı statistik məlumatları diqqətə çatdırıb.

Martın 27-dən aprelin 4-dək UNEC-də “Elm günləri” elan olunub. Həmin günlərdə UNEC-də elmin mövcud vəziyyəti, yeni dövr iqtisadiyyat elminin aktual mövzuları, UNEC tədqiqat mərkəzlərinin potensialının gücləndirilməsi və sifarişli elmi tədqiqat işlərinin cəlb edilməsi, elmi jurnalların və konfrans materiallarının beynəlxalq elmi bazalarda indekslənməsi, Kitabxana-İnformasiya Mərkəzində tədqiqatçıların rəqəmsal resurslardan istifadə imkanlarının genişləndirilməsi, UNEC laboratoriyalarının mövcud vəziyyəti və akkreditasiya imkanları, dissertasiya şuraları və elmi seminarların fəaliyyətinin təkmilləşdirilməsi, magistr və doktorluq dissertasiya işlərinin keyfiyyətinin artırılması yolları müzakirə ediləcək. Eyni zamanda, 2023-cü il iqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında təqdimatlar olacaq, beynəlxalq qrant layihələrinə müraciət qaydaları və onların idarə olunması üzrə təlim keçiriləcək.

Xəbər lenti