Logo

AMEA-nın Naxçıvan Bölməsində Elm Günü qeyd olunub

27.03.2024 20:34 121 baxış
IMG

AMEA-nın Naxçıvan Bölməsində 27 Mart – Elm Günü münasibətilə “Naxçıvanın elm məbədi: AMEA Naxçıvan Bölməsi” mövzusunda elmi konfrans keçirilib.

Bölmənin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Konfransda çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev Elm Gününün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsis olunduğunu bildirib, elmin cəmiyyətin inkişafındakı rolundan danışıb. Alim elmimizin keçdiyi sistemli inkişaf yoluna nəzər salıb, 27 mart 1945-ci ildə əsası qoyulan Azərbaycan Elmlər Akademiyasının elmin inkişafına bəxş etdiyi töhfələrdən söz açıb. Elm Gününün təsis olunmasını Azərbaycan elminə və elmi ictimaiyyətinə göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndirib. Bu əlamətdar günün məhz 27 mart tarixində qeyd olunmasının alim və tədqiqatçılar üçün böyük məna kəsb etdiyini dilə gətirib.

Azərbaycan Milli Elmlər Akademiyasının 79 illik fəaliyyəti barədə ümumi məlumat verən bölmə sədri bildirib ki, ötən əsrin 70-80-ci illəri bu elm məbədinin qızıl dövrü kimi xarakterizə olunur. Bu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. İsmayıl Hacıyev qeyd edib ki, 2001-ci ildə Ümummilli Liderin imzaladığı xüsusi Sərəncamla Azərbaycan Elmlər Akademiyasına “Milli” statusunun verilməsi, 2016-cı ildə “Elm haqında Azərbaycan Respublikası Qanunu”nun qəbul olunması, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə 27 mart tarixinin “Elm Günü” kimi təsis edilməsi, eləcə də elm sahəsində aparılan islahatlar elmə, elm adamlarına göstərilən diqqətin təzahürüdür.

İsmayıl Hacıyev çıxışının sonunda kollektivi Elm Günü münasibətilə təbrik edib.

Sonra AMEA Naxçıvan Bölməsinin Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov “AMEA Naxçıvan Bölməsinin yaradılması və fəaliyyəti” mövzusunda məruzə edib. O, bölmənin fəaliyyəti dövründə nəşr olunan əsərlərin statistik göstəriciləri, keçirilən beynəlxalq səviyyəli elm tədbirləri, beynəlxalq arxeoloji ekspedisiyalar və əldə olunan elmi nəticələr barədə məlumat verib, elm siyasətinin muxtar respublikada uğurlu icrasından danışıb.

Konfransda AMEA-nın müxbir üzvləri, professorlar Əbülfəz Quliyev, Vəli Baxşəliyev və filologiya elmləri doktoru Fərman Xəlilov rəhbərlik etdikləri elmi-tədqiqat müəssisələrinin fəaliyyətindən, əldə olunan elmi yeniliklərdən bəhs edərək, ölkə elmi ictimaiyyətinə Elm Günü münasibətilə təbriklərini çatdırıblar.

Xəbər lenti