Logo

Peşə təhsili mərkəzlərində “Açıq qapı” günləri davam edir

02.06.2021 09:38 468 baxış
IMG

Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili mərkəzləri üçün “Açıq qapı” günlərinin keçirilməsinə davam edir.

 

“Açıq qapı” günlərinin məqsədi peşə təhsili mərkəzləri haqqında məlumatlılıq səviyyəsini yüksəltməyə, eləcə də peşə təhsilinin gənclər üçün cəlbediciliyini artırmağa kömək etməkdir.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, bu dəfə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi Cəlilabad şəhərinin yuxarı sinif şagirdləri, valideynlər, müəllimlər, özəl sektor nümayəndələri üçün qapılarını açıq elan edib. Tədbir çərçivəsində, peşə təhsil mərkəzi (PTM) iştirakçı qruplar üçün pandemiya qaydalarına əməl etməklə tur təşkil edib.

 

Ziyarətçilər Cəlilabad PTM-in tədris məkanlarına baş çəkib, mövcud avadanlıq və xidmətlərlə yerində tanış olub, həmçinin qəbul qaydaları barədə ətraflı məlumat alıblar. İştirakçılar, həmçinin peşə təhsil mərkəzinin uğurlu məzunları ilə tanış olmaq, ustad dərslərinə qoşulmaq və müvafiq karyera perspektivləri haqqında müzakirələr aparmaq imkanı qazanıblar.

 

Qeyd edək ki, “Açıq qapı” günləri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihə, səriştə əsaslı tədrisin təşkilinə dəstək olmaq üçün Azərbaycandakı peşə məktəblərinin müasirləşdirilməsinə xidmət edir. Məqsəd peşə təhsili müəssisələrinin cəlbediciliyini və əmək bazarının tələblərinə uyğunluq səviyyəsini artırmağa kömək etməkdir.

Xəbər lenti