Logo

ADU-da Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib 

15.06.2021 09:39 89 baxış
IMG

Azərbaycan Dillər Universitetinin  Təhsil 1 və Təhsil 2 fakültələrinin təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib. 

 

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı böyük xidmətlərindən danışıb, onun əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində yaşadığını deyib. Rektor bildirib ki, Ulu öndərin memarı olduğu dövlətçilik siyasətini Müzəffər öndər İlham Əliyev böyük uğurla davam etdirir: 

 

“Vətən müharibəsindəki qələbəmiz, Qarabağdakı quruculuq işi bunun bariz nümunəsidir. Heydər Əliyevin millət, vətən, dövlət üçün etdiyi şücaət, qəhrəmanlıq unudulmazdır. Çünki yox olmaq astanasına gəlib çıxmış ölkə öz gələcək nicatını, yaşamını onun fəaliyyəti ilə qazandı. Bu gün Azərbaycanın adı harada çəkilirsə, çox gözəl şəkildə onu tanıyırlar, gələcəyə gedən yollarını gözəl şəkildə görürlər. Bu, son dərəcə böyük zəhmətin bahasına başa gəlmişdi. Ulu öndərin Azərbaycanın iqtisadiyyatı, elmi, mədəniyyəti, dili, gələcəyi ilə bağlı görüşləri bu gün də Prezident İlham Əliyev tərəfindən cəsarətlə həyata keçirilir. Heydər Əliyevi anmaq son dərəcə şərəfli işdir. Hər birimiz bu gün bu adı böyük ehtiramla anırıq, onun yolunun Azərbaycan üçün əbədi olduğuna inanırıq, biz də Azərbaycanın xoşbəxt gələcəyi üçün əlimizdən gələni edirik və edəcəyik”. 

 

ADU-nun Təhsil 1 fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov  bildirib ki, 1991-ci il 18 oktyabrda müstəqillik qazansaq da, 1993-cü ilin ilk vaxtları  müstəqilliyimizin ən ağır dövrü olub. İyunun 4-də baş verən Gəncə hadisələri müstəqilliyimizin itirilməsinə aparırdı. Belə bir dövrdə Ulu öndər böyük risklərə baxmayaraq, ölkəmizin xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürdü. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da Azərbaycanda davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil oldu.

 

ADU-nun Tədris məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova qeyd edib ki, xalqımızın istiqlal tarixinə Milli Qurtuluş Günü kimi daxil оlmuş 1993-cü ilin 15 iyun günü vətənini, xalqını sеvən, həmin çətin və ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün, eləcə də gələcək nəsil üçün əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində və gələcəyində müstəsna rоl оynayan, daim xalqına arxalanan və xalqına arxa оlan bir insan- Hеydər Əliyеvdir.

 

ADU rektorunun məsləhətçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Anar Osmanlı qeyd edib ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olub. Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb.

 

Təhsil 2 fakültəsinin dekanı, dosent Salman Nuriyev deyib ki, Azərbaycan xalqının keçdiyi çətin və mürəkkəb inkişaf yoluna işıq saçan, onun bugünkü müstəqilliyinin yaranmasında və inkişafında, müasirləşməsində və yeniləşməsində müstəsna xidmətləri olan Heydər Əliyev fenomenini xüsusi qeyd etmək lazımdır. Ölkəmizin dünya birliyinə inteqrasiyası bir daha göstərir ki, Azərbaycanın inkişaf strategiyasını uzaqgörən siyasəti ilə müəyyənləşdirən Heydər Əliyev dühası, zəkası, neçə-neçə onillər üçün hesablanmış perspektivləri ölməz siyasətçinin fədakarlığının nəticəsidir.

 

Kafedra müdirləri professor Sərxan Abdullayev, professor Fərman Zeynalov, professor Məsməxanım Qazıyeva, dosent Amil Cəfərov çıxış edərək bildiriblər ki, Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərib. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanıb. Heydər Əliyevin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olub.
            

Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir.

Xəbər lenti