Logo

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin nəzərinə!

16.06.2021 10:32 252 baxış
IMG

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

 

2. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:

 

- beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;

 

- IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;

 

- beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.

 

3. Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ vardır.

 

(Müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar, beynəlxalq və respublika fənn olimpiadalarının siyahısı, beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunmuşdur.)

 

4. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri (indiyədək müvafiq sənədlərini DİM-ə təqdim etməyənlər) 16 iyun – 9 iyul 2021-ci il tarixlərində aşağıda göstərilən sənədləri Dövlət İmtahan Mərkəzinə (Bakı ş. M.Müşfiq 1M) və ya Mərkəzin regional bölmələrinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə, Şəmkir) təqdim etməlidirlər:

 

4.1. ümumi qaydada təsdiq olunmuş “Abituriyent elektron ərizəsi” formasının surəti;

 

4.2. beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədin fotosurəti.

 

Mərkəz göstərilən sənədlərin həqiqiliyini və onu təqdim edən şəxsə məxsus olmasını həmin olimpiadaların, müsabiqələrin və yarışların keçirildiyi ölkənin müvafiq qurumlarının və ya onları təşkil edən qurumların (o cümlədən, beynəlxalq qurumların) olimpiadaların, müsabiqələrin və yarışların qaliblərinə dair məlumat bazası üzərindən yoxlamaq hüququna malikdir.

 

4.3. Beynəlxalq fənn olimpiadasının, beynəlxalq müsabiqə və yarışın qalibi olan Azərbaycan Respublikasının vətəndaşı 4.2-ci bənddə göstərilən sənədlərin fotosurəti ilə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də Mərkəzə göndərməlidirlər.

 

4.4. Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmaq istəyənlər bu Qaydanın 4.1-4.3-cü bəndlərdə göstərilən sənədlərlə yanaşı, Tələbə Qəbulu Qaydalarının 2.3-cü bəndinə əsasən həmin təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış, tərcümeyi-hal və həmin təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə tutulmuş digər məlumatları təqdim etməlidirlər.

 

“Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın təsdiq edilməsi və “Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli Qərarının ləğv edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Xəbər lenti