Logo

Həm I Qarabağ, həm də Vətən Müharibəsində könüllü iştirak edən müəllim

18.06.2021 15:25 487 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən müharibəsi zamanı xüsusi fəallığı ilə seçilən müəllim Ələmdar Abdullayevin bioqrafiyasını təqdim edirik:

 

Ələmdar Sərdar oğlu Abdullayev 1966-cı ildə anadan olub.

 

1983-cü ildə Bakı şəhəri 223 nömrəli tam orta məktəbi bitirib. 1986-1990-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Gənclərin çağırışaqədərki hərbi hazırlıq və fiziki tərbiyə fakültəsində təhsil alıb.

 

1988-ci ildə Xalq hərəkatının və 1990-cı ildə 20 Yanvar hadisələri ərəfəsində ümummilli etiraz prosesinin fəal iştirakçılarından olub.

 

1992-ci ildə baş vermiş Xocalı faciəsindən sonra könüllü olaraq bölük komandiri kimi I Qarabağ Müharibəsində iştirak edən Ə.Abdullayev Kəlbəcər, Ağdərə rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək düşmənə layiqli cavab verib. I Qarabağ Müharibəsində göstərdiyi şücaətə görə o, “Vətən naminə”, “Vətənpərvərlik işində xidmətlərinə görə” medallarına layiq görülüb.

 

2010-cu ildən Bakı şəhəri 105 nömrəli tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və fiziki tərbiyə müəllimi vəzifəsində çalışır.

 

Ə.Abdullayev Vətən Müharibəsi zamanı çağırışçıların, müvafiq texnika və canlı qüvvənin ön cəbhəyə catdırılmasında yaxından iştirak edib. Vətən Müharibəsi zamanı fəallığına görə o, Fəxri fərman və diplomlara layiq görülüb.

 

I Qarabağ Müharibəsi iştirakçısı olan Ə.Abdullayev Vətən Müharibəsi zamanı da xüsusi fəallıq göstərərək Vətənə olan borcunu layiqincə yerinə yetirib. Ə.Abdulayev hazırda əsas vəzifəsinin sağlam və vətənpərvər ruhlu gənclər yetişdirməkdən ibarət olduğunu bildirir.

Xəbər lenti