Logo

Mehriban Vəliyeva: Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” birliyinin hüquqi ifadəsidir

19.06.2021 13:21 250 baxış
IMG

Olduqca böyük tarixi əhəmiyyət kəsb edən yaşadığımız günlərin mahiyyətini ifadə etmək baxımından “Tarix təkrar olunur” deyimi uğurlu seçim kimi qəbul oluna bilər. 1993-cü il iyunun 15-i Azərbaycanın siyasi tarixinə xalqın qurtuluşu, vətəndaş müharibəsi, parçalanmaq, müstəqilliyini itirməkdən xilas günü olaraq düşdüyü kimi, 28 il sonra – 2021-ci ilin eyni günü daha bir əlamətdar tarixlə təqvimə yazıldı. Şuşa Bəyannaməsinin imzalanması, iki qardaş ölkənin olduqca həssas məzmunlu və dərin siyasi əhəmiyyət kəsb edən müddəalarla çıxış etməsi hər birimizə sonsuz qürur hissi yaşadır.


Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. M.Vəliyeva bildirib ki, adı çəkiləndə ürəyimizin, səsimizin titrədiyi cənnət Şuşamızda imzalanan möhtəşəm tarixi sənədlə dünya Azərbaycanın regiondakı roluna bir daha şahidlik etdi. Azərbaycan dövləti paytaxt Bakıda deyil, məhz Qarabağda, bizim üçün mənəvi dəyəri böyük olan Şuşada qardaş dövlətin liderini qarşılamaqla işğaldan azad olunmuş ərazilərimizin mənəvi çəkisini, ölkəmizin ictimai-siyasi həyatındakı rolunu göstərmiş oldu. Bu, Vətən müharibəsinin başlandığı ilk gündən və ilk saatlardan Azərbaycanın yanında olan, siyasi və mənəvi dəstəyini əsirgəməyən qardaş Türkiyə dövləti başçısının qarşılanması idi. Ulu öndər Heydər Əliyevin də dediyi kimi, “Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə liderləri bu dəfə Zəfərin qazanıldığı torpaqlarda müttəfiqlik münasibətləri haqqında Bəyannaməyə imza atdılar. Bu tarix, həm də ona görə rəmzi məna daşıyırdı ki, Zəngəzur üçün çox vacib hesab edilən Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf edirdi.


Dövlətimizin başçısının Bəyannamənin imzalanma mərasimində çıxışı zamanı Qars müqaviləsini yada salması da təsadüfi deyildi. Prezident İlham Əliyev “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur”, - deyərkən bu müttəfiqlik Bəyannaməsinin nə dərəcədə siyasi, mənəvi və tarixi əhəmiyyət daşıdığının mahiyyətinə diqqəti çəkirdi. Birgə Bəyannamənin hər iki qardaş ölkə əlaqələrini ən yüksək zirvəyə qaldırdığını deyən Prezident İlham Əliyev qeyd edib: “Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”.

 

M.Vəliyeva qeyd edib ki, həqiqətən də Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanan Şuşa Bəyannaməsi bu vaxta qədər iki qardaş ölkə arasında bütün sahələrdə həyata keçirilən birgə əməkdaşlığı, işbirliyini ən yüksək müstəviyə daşıdı. Siyasi, humanitar, iqtisadi, elm, təhsil, mədəniyyət, hərbi və təhlükəsizlik sahələrində, o cümlədən media sahəsində fəaliyyətlərin təşviq edilməsi birgə milli mənafelər baxımından xüsusi əhəmiyyətə malikdir. Dünyada çox dövlətlər var ki, bir-biri ilə yaxın strateji müttəfiqdirlər, lakin Azərbaycanla Türkiyə arasındakı əməkdaşlıq münasibətləri nadir bir müttəfiqlik nümunəsidir desək, səhv etmərik. Bu da təsadüfi deyil. Çünki bu münasibətlərin tarixi qədim köklərə dayanır. İki qardaş, dost ölkəni birləşdirən saysız-hesabsız mənəvi bağlar, çox mühüm amillər var. Mədəniyyətimiz, adət-ənənələrimiz, dilimiz, dinimiz, milli dəyərlərimiz o qədər bir-birinə yaxın, bağlıdır ki, bu bağlar tarixin ən çətin sınaqlarında belə qopmadı. Sovetlər dönəmində aramıza çəkilən dəmir pərdələr də Azərbaycan-Türkiyə sevgisinin önünə keçə bilmədi. Bu sevgi bir-birimizə olan qardaşlığı, təəssübkeşliyi təmin etdi. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün söylədiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamının, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzalanma mərasimi zamanı dediyi “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” mesajının ifadə etdiyi Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə yeni, daha parlaq bir mərhələyə qədəm qoydu.


"Həm Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri, həm də imzalanan Şuşa Bəyannaməsi, əslində Ermənistana və onun havadarlarına, həmçinin illərdir bölgədə sülhün təmin olunmamasında maraqlı olan qüvvələrə verilmiş bir mesaj idi. Qarabağın təhlükəsizliyi və qısa müddətdə yenidən qurulması işinə hər iki ölkənin imkanlarının səfərbər ediləcəyini də rəsmən təsdiq edən bu tarixi sənəd regionda yenidən qarışıqlıq yaratmaq istəyən bəzi dövlətlərə acıq-aşkar bəyan etdi ki, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, onlardan hər hansı birinin müstəqilliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə qarşı üçüncü dövlət tərəfindən təhdid və yaxud təcavüz olacağı təqdirdə bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Bu Bəyannamənin digər bir diqqət çəkən məqamı imzalanma mərasiminin seçildiyi məkan idi. Arxa fonda sərgilənən tablo erməni vəhşiliyini bütün dünyaya göstərdi. Barbar ermənilərin 30 ilə yaxın əsarətdə saxladığı şəhərləri, kəndləri, tarixi abidələri necə viran qoyduğunu əks etdirən o mənzərə bütün dünyanı həqiqətləri görməyə dəvət etdi. Şuşanın dağıdılmış tarixi abidələri fonunda imzalanan Bəyannamə, əslində Ermənistanın revanşist qüvvələrinin ifşası, həmçinin onlarının havadarlarına Azərbaycanın Zəfərini qəbul etməyə bir çağırış idi. Şuşanın işğaldan azad edildiyi gün Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin söylədiyi, “Şuşa, sən azadsan, biz səni yenidən quracağıq, səni dirçəldəcəyik!” fikirlərinin dünya ictimaiyyəti qarşısında təsdiqi idi. Bütün dünya gördü ki, Azərbaycan xalqı artıq Şuşadadır, Şuşa yenidən qurulur, Şuşaya yeni nəfəs gəlir, Şuşanın əvvəlki növrağı özünə qayıdır və Şuşa mühüm tarixi sənədlərin imzalanmasına ev sahibliyi edir. Tarixi Zəfərimizdə ümumxalq birliyinin danılmaz rolu olduğu kimi, Qələbəmizdən sonrakı müddətdə də həmrəyliyimizi möhkəmləndirməyimiz mühüm əhəmiyyət kəsb edir. Qarabağda qazanılan Zəfərdən qısa müddət sonra iki qardaş və dost ölkənin lideri arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasını Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri də böyük tarixi sənəd olaraq dəyərləndirərək birgə bəyanat yaydılar. 48 partiya rəhbərinin imzaladığı bəyanatda qeyd olunur ki, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi böyük tarixi və strateji əhəmiyyətə malikdir.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar qədim mədəniyyət beşiyi olan Şuşada iki qardaş ölkə arasında imzalanmış Şuşa Bəyannaməsini ölkələrimizin keyfiyyət baxımından yeni əlaqələrinin inkişafı və hər iki ölkənin gələcək birgə fəaliyyəti baxımından vacib sənəd kimi qiymətləndirir. Bütün bunlar Vətən müharibəsindəki Zəfərimizin milli birliyimizin daha da möhkəmləndirilməsinə əlavə təkan verdiyini göstərən bariz nümunələrdəndir. Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” mənəvi birliyinin hüquqi müstəvidə möhkəmləndirilməsi və rəsmi ifadəsi kimi də səciyyələndirilə bilər. İki qardaş ölkənin ümumi maraqlarının qorunması yolunda imkanların səfərbər edilməsinin məntiqi nəticəsi olaraq imzalanan bu sənəd ölkələrimizin regional və beynəlxalq müstəvidə rolunun daha da artmasına imkan yaradacaq. Prezident İlham Əliyevin də dediyi kimi, “Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”,- deyə Mehriban Vəliyeva bildirib.

Xəbər lenti