Logo

Bu ki, vətən yürüşüdü, bu ki, qeyrət vuruşudu, bu ki, namus döyüşüdü...

25.10.2020 16:26 85 baxış
IMG

BİR ƏSGƏRİN TANRI DUASI.

 

Ulu tanrım!

Müqəddəslər, müqəddəsi

Bir şərəfli vuruş üçün

Uğur dilə, yol ver mənə!

Babaların cürətini,

qüdrətini al ver mənə,

Düşmənimə hiddətlərin

Hiddətini al ver mənə,

Qanım axsa,

Sən üstəlik qanımı ver,

Canım getsə, canımı ver.

Al ruhumu qanadlandır,

Damarımı palıdlandır,

Bədənimi poladlandır.

Kipriyimi oxa döndər.

Qollarımı lülə elə,

Barmağımı güllə elə,

Şər üstümə yeriyəndə,

Düşmən məni hərləyəndə,

Çarpanağa döndər məni.

Qanım axan bir torpağa-

Al bayrağa döndər məni.

Zərrə olum, qəlpə olum,

Düşmənimə qoy yenidən

zərbə olum.

Qorxaq nədi, əsgər nədi,

“Bəlkə” nədir, “məgər” nədi,

Bu ki, vətən yürüşüdü,

Bu ki, qeyrət vuruşudu.

Bu ki, namus döyüşüdü.

Qurban gedən oğul varsa

Ana yurdun bu, sabahla görüşüdü.

Əsgər nədi, qorxaq nədi,

Verdim nədi, torpaq nədi?!

Bu, muqəddəs bir ölümlə

Millətini diriltməkdi,

Bu, səngəri suvarmaqdı,

Bu, torpağı göyərtməkdi,

Qanım vuruş, canım vuruş,

qolum vuruş!

Torpaq nədi, verdim nədi

bircə qarış...

Əsgər nədi, səngər nədi,

geri nədi?!

Vətən yoxsa, torpaq yoxsa

Yaşamağın yeri nədi?!

Ulu Tanrim!

Sən şərəfli ölümlərə

Öyrət məni.

Sonra, sonra,

Torpağımın sabahında

Öz qanımdan göyərt məni!

 

Musa Yaqub

Xəbər lenti