Logo

Sokrat: “Danış ki, səni görüm” 

13.07.2021 17:03 1462 baxış
IMG

Ünsiyyət quran zaman danışıq dilinin qaydalarına tam uyğun şəkildə riyaət etməklə yanaşı, həmin dilin ümumi biliklərinə yiyələnmək, düzgün tələffüz etmək olduqca vacibdir. Gözəl danışıq hər bir insanın həyatında vacib nüanslardan biri olmalıdır. Aydın nitq, səlis danışıq insanlar tərəfindən rahat başa düşülməklə yanaşı, dinləyicilər üçün də xoş olur. Öz dilində səmərəli danışmaq xüsusilə vacibdir. Gözəl danışmaq həmçinin uğura aparan vasitədir. Fikrini azad və sərbəst ifadə edə bilmək bacarığı, lazımlı cümlələr qura bilmək olduqca əhəmiyyətlidir. Yaxşı danışmaq bacarığı olan insanlar daha çox dinlənilənlərdir.

 

Geyim insanın qablaşdırması olduğu kimi, təsirli nitq də insanın peşəsinə görə daha çox öndə aparan prosesdir. Bundan əlavə, bu qabiliyyəti olan insanların müsbət rəylər sayəsində qazandıqları özünə inam, həyatlarını müsbət əks etdirəcək bir vəziyyətdir. İnsan qazandığı özünəinamı ilə edəcəyi bütün işlərdə daha çox müvəffəqiyyətlərə aparacaq bir psixoloji təsir altında olur. Bəzən rastımıza elə insanlar çıxır ki, çoxlu sayda kitab oxumasına baxmayaraq nitqində müəyyən qüsurlar, danışığı aydın olmur və ya hərfləri səsləndirərkən düzgün tələffüz etmirlər.

 

Diksiya üzrə mütəxəssis Cəlalə Nəzəroğlunun sözlərinə görə, kitab oxuyan şəxs heç də hər zaman yaxşı danışmır. Amma kitab oxuyaraq söz ehtiyyatını artırmaq mümkündür.  Bu bizim passiv lüğətimizi inkişaf etdirir. Danışarkən isə biz aktiv lüğətimizdə olan sözlərdən yararlanırıq.

 

“Əgər yaxşı danışmaq istəyiriksə kitab oxumaqla pararalel başqa təlimatları da yerinə yetirməliyik. Bu da diksiya təlimi və yaxud da natiqlik təlimi adlanır”-deyə Nəzəroğlu bildirdi. 


Gözəl danışıq qulağa da xoş gələr...


Diksiyada ən vacib nüanslardan biri də səsləri düzgün ağızdan çıxarda bilməkdir. Cəlalə Nəzəroğlu onu da qeyd etdi ki, nitqimizi anlaşılmaz edən bir çox səbəblər var. Məsələn, uzun və qarışıq cümlələr qurmaq, qurduğumuz cümlələrin içində varvarizimlərdən, yəni lüğətimizdə yer almayan xarici kəlimələrdən istifadə etmək, leksik normalara əməl etməməkdir. Məsələn, “qapını  döymək” əvəzinə, “qapını vurmaq” deyirik. Burda həmin normanı pozmuş oluruq:

 

“Nitqi yaxşı göstərməyən səbəblərdən digəri də, danışan şəxsin səs tempi xoşa gələn olmayanda, yəni ciyiltili, xırıltılı, zəif tonda olanda və  yaxud bu sadaladıqlarımın hamısı qaydasında olub amma sadəcə olaraq ağız tənbəlliyindən əziyyət çəkəndə olur. Yəni, sözlər sanki barmaqlığın arasından sıyrılıb çıxırmış kimi özünü çölə atır. Bu səbəbdən də nitq anlaşılmaz olur.  Həmçinin də, ləhçə ilə danışmaq, burun səsi ilə sözləri tələffüz etmək də nitqi anlaşılmaz edən səbəblərdəndir”.

 

Kitab oxumaq söz ehtiyacımızı artırmaqla yanaşı, dolğun cümlə qurmağa bilavasitə köməkçi olur.

Təsirli nitq üçün kitab oxumaq çox vacibdir. Amma kitabı da kor-koranə, necə gəldi deyil, düşünərək, qaydasında, sözlərin hər bir tələffüzünə düzgün əməl etməklə, doğru oxumaq lazımdır.

 

C. Nəzəroğlunun sözlərinə görə, kitabı bir neçə variantda oxumaq mümkündür:

 

“Ağız tənbəlliyindən xilas olmaq üçün sözləri hecalara bölmək və  hər bir sözü tələffüz edərkən ağzı geniş açmaq və qabarıq formada tələffüz eləmək lazımdır. Yaxud, dişlərin arasında qələm sıxaraq təxminən yarım səhifə kitab oxumaqla səs tellərimizin qalınlaşmasına gətirib çıxarda bilərik. Kitabı söz ehtiyacımızı artırmaq məqsədi ilə də oxuya bilərik. Nitqimizdə aktif vəziyyətdə olmayan sözlərin, söz birləşmələrinin, cümlələrin altından xətt çəkərək onu dəftərimizdə qeyd edə bilərik. Sonra isə onu əzbərləmək olar və tez-tez gün ərzində həmin sözləri və ya söz birləşmələrinin iştirak etdiyi sərbəst cümlələri qurmaqla danışmaq lazımdır. Beləcə aktiv lüğətə yeni daxil olmuş ifadələr yaddaşımızda daha yaxşı möhkəmlənəcək”. 

 

 

“Məqamı gələndə susmaq, zamanı yetişəndə danışmaq lazımdır”.


Nitqin əsas keyfiyyətləri üçün C.Nəzəroğlu bildirdi:

 

“Nitq anlaşılan olmalıdır. Yığcam, lakonik, vurğulu olmalıdır. Qarşı tərəfin şəxsiyyətinə, dəyərlərinə toxunmamalıdır. Nitq mədəni olmalıdır, sözlər yerində və dəqiq seçilməlidir. Məqamı gələndə susmaq, zamanı yetişəndə danışmaq lazımdır. Uzunçuluqdan qaçmaqda fayda var. Qurulan cümlələr mürəkkəb, terminlərlə dolu, ağırlaşdırılmış olmamalıdır. Axıcı, səlis, aydın, başa düşülən, yorucu olmayan nitq arzu olunandır.”  C.Nəzəroğlu həmçinin onu da bildirdi ki, nitqin keyfiyyətini artırmaq üçün hər bir şəxs mütləq şəkildə öz üzərində işləməlidir: “İnsan daim özünü inkişaf etdirməli və diksiyasının üzərində çalışmalıdır. Bunu fərdi formada tək başına da edə bilər, hansısa mütəxəssisdən dəstək alaraq, təlimlər vasitəsilə də reallaşdıra bilər. Bunun üçün eyni zamanda söz ehtiyyatı artmalıdır. Parazit sözlər və səslər nitqdən təmizlənməlidir. Varvarizmlərdən yəni ki, bizim lüğətimizdə olmadığı təqdirdə istifadə olunan xarici kəlimələr yığılıb atılmalıdır. Məhəlləvi olan küçə sözləri ümumiyyətlə unudulmalıdır. Ağız tənbəlliyi olmamalıdır və ağız tənbəlliyini aradan qaldırmaq üçün çalışılmalıdı. Səs dolğun, cazibədar səslənməlidir”. 


Danışan zaman sözlərin ağızdan düzgün şəkildə tələffüz olunması və gözəl səs tonu ilə, tələsəmdən çıxış etdən insanı hər kəs dinləyər. Atalarımız demişkən “nitq qısa və aydın-buna görə də gözəldir”. 

​​​​​

Xəbər lenti