Logo

Bakı Ali Neft Məktəbində  "Açıq qapı" günü

23.07.2021 20:35 1331 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) abituriyentlər və valideynlər üçün “Açıq qapı” günü keçirilib. Məqsəd Ali Məktəbin tələbələrə təklif etdiyi tədris proqramları, burada yaradılmış beynəlxalq təhsil mühiti, inkişaf və digər imkanlar haqda məlumatlandırmaq, kampusu nümayiş etdirməkdir. BANM-in Senat zalında başlayan görüşdə Karyera və tələbələrlə iş şöbəsinin rəisi Həbibə Hacıyeva iştirakçılara BANM-in  tarixindən bəhs edərək bildirib ki, Bakı Ali Neft Məktəbi dövlət ali təhsil müəssisəsi statusunda Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda dəyişiklik edilməsi haqqında” 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə yaradılıb.

 

Həmçinin qeyd edilib ki, BANM Azərbaycanda və xarici ölkələrdə fəaliyyətini genişləndirən SOCAR-ın və ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında ingilis dilində təhsil almış yüksəkixtisaslı mühəndis kadrlarına olan ehtiyaclarını ödəmək məqsədilə təsis edilib. SOCAR-ın beynəlxalq transmilli şirkətə çevrildiyi qeyd edilərək, Ali Məktəbin bu şirkətin struktur bölməsi olması haqqında məlumat verilib. 

 

Audio-vizual təqdimatda Ali Məktəbin fəaliyyət istiqamətləri, yeni kampusu, illər üzrə ümumi statistik göstəriciləri, BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili intizam qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübə proqramları, seminarlar və BANM-in fəaliyyətinin digər istiqamətlərindən danışılıb.  

 

BANM-nin missiyasının ən müasir texnologiyalar və peşəkar pedaqoji heyətlə təmin edilmiş təhsil mühiti yaradaraq müxtəlif sənaye və biznes sahələri üçün müasir bilik və bacarıqlara malik yüksəkixtisaslı kadrlar hazırlamaq olduğu bildirilib. 

 

Həbibə Hacıyeva BANM-də Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisası üzrə həm bakalavr, həm magistratura səviyyəsində təhsilin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında keçirildiyini qeyd edib. O, həmçinin Ali Məktəbin tanınmış beynəlxalq universitetlərlə əməkdaşlığından danışaraq vurğulayıb ki, digər ixtisaslarda Avropanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərinin tədris proqramları da tətbiq edilir. 

 

Vurğulanıb ki, BANM-də təhsil alan tələbələr gələcəkdə dünyanın ən iri neft-qaz şirkətlərində karyera qurmaq imkanı qazanırlar. Hazırda Azərbaycan əmək bazarında ən çox tələb olunan kadrlar BANM-nin məzunlarıdır. Ali Məktəbin tələbələrinin təhsil alarkən nüfuzlu şirkətlərə işə dəvət olunması BANM-in nüfuzunun və uğurlarının göstəricisidir.

 

BANM-in fəal tələbələri Hüseyn Abızadə və Vaqif Məmmədzadə Ali Məktəbin tələbə həyatı, sosial-ictimai sahədə tələbələrin fəaliyyəti haqda və qazandıqları uğurlar barədə danışaraq, tələbə təşkilatları və klubları haqqında məlumat veriblər. Onlar  “Açıq qapı” iştirakçılarına oxuduqları təhsil müəssisəsində verilən yüksək keyfiyyətli təhsil, tələbə həyatı və müxtəlif şirkətlərdə keçdikləri istehsalat təcrübəsi haqqında təəssüratlarını və fikirlərini bölüşüblər.

 

 “Açıq qapı” günü Ali Məktəbin kampusunun tanışlıq gəzintisi ilə davam edib. İştirakçılar  600 nəfərlik Konqres zalı, Neft Muzeyinin eksponatları, kitabxana, üzgüçülük hovuzu, iki qapalı idman zalı, tələbə yeməkxanası, auditoriyalar, müasir tədris laboratoriyaları, fitnes mərkəzi, süni örtüklü stadion, tennis kortu, voleybol, basketbol, yüngül atletika meydançaları və Tələbə evi ilə tanış olublar.
 
          
Sonda  abituriyentləri və onların valideynlərini maraqlandıran suallar ətraflı cavablandırılıb. Onlara Ali Məktəbin rektoru Elmar Qasımov adından simvolik hədiyyələr təqdim edilib və xatirə fotoları çəkilib.

 

“Açıq qapı” günü iştirakçıları keçirilən səmərəli və səmimi görüşə görə BANM-in rəhbərliyinə təşəkkürlərini bildiriblər. 


Qeyd edək ki, bununla da BANM-in 2021-ci il üçün olan “Açıq qapı” günlərinə yekun vurulub.

Xəbər lenti