Logo

Azərbaycan təhsilinin son 10 ilinə baxış

29.07.2021 14:40 284 baxış
IMG

Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu öndər Heydər Əliyev istər sovet dövründə, istərsə də 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərib. Ümummilli Liderin rəhbərliyi altında hər zaman təhsillə bağlı islahatlar aparılıb, müvafiq dövlət proqramları həyata keçirilib. Hazırda həmin siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün Azərbaycanda təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Bu proqramlar əsasında məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, zəruri avadanlıqlarla təchiz olunması istiqamətində mühüm işlər görülüb. Bütün bunlar təhsilin inkişafına əhəmiyyətli dərəcədə təsir edib.

 

Tehsil.biz xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyib.

 

O bildirib ki, son 10 ildə təhsil sahəsində ölkədə mühüm addımlar atılıb. 2010-cu ildə yeni məktəblər tikilib və əsaslı təmir olunub, laboratoriya avadanlıqları alınıb, kitabxanalar yeni rəflərlə və latın əlifbasında yeni kitablarla zənginləşdirilib. Həmin il təhsil sahəsində ən diqqətçəkən məqamlardan biri 9 və 11-ci siniflərdə vahid buraxılış imtahanının keçirilməsidir. Bu imtahan ümumi mənada imtahanların mərkəziləşdirilməsi yolunda atılan addımların davamı oldu. 2011-ci ildə ümumi təhsil müəssisələrində keyfiyyət göstəricilərinin inkişafı, məktəblər və müəllimlər arasında rəqabətyönümlü stimullaşdırıcı mühitin təkmilləşməsi üçün “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsi keçirilib. Bu müsabiqələr yaxşı təcrübələrin bölüşülməsinə və yayılmasına imkan verib. 2011-ci il hələ kurikulum islahatlarının ilk illəri olduğu üçün insanlarda çoxlu suallar yaranırdı. Ona görə də hazırlanan www.kurikulum.az portalı ilə insanların sualları cavablandırılırdı və təhsil icması yeni qarşılaşdıqları kurikulum praktikası ilə daha yaxından tanış olurdu.

 

Qoşqar Məhərrəmov vurğulayıb ki, “Müasir dövrdə təhsilin davamlı inkişafı: reallıqlar və perspektivlər” mövzusunda konfransların keçirilməsi də xüsusi diqqət çəkən addımlar arasındadır. Həmin il gənc və istedadlı müəllimlərin bankı hazırlanaraq təhsil icması ilə paylaşıldı, onların fəaliyyətlərinin təkmilləşdirilməsi və stimullaşdırılması işləri aparıldı. Kurikulumla bağlı maarifləndirmə işlərinin aparılması 2012-ci ildə davam etdirildi. Ağcabədi, Ucar, Yevlax, Kürdəmir, Bərdə, Biləsuvar, Lənkəran, Cəlilabad, Lerik, Yardımlı, Salyan, Astara rayonlarında təhsil işçilərinə peşəkar səviyyədə metodik köməyin təmin olunmasına xidmət edən yerli təlimçilərin hazırlanması üçün 10 günlük öyrədici təlim kursları (treninqlər) keçirildi. Kurikulumun tətbiqinə dair vəziyyət monitorinq olundu. Mingəçevir və Şirvan şəhərlərinin, Balakən, Sabirabad, Lənkəran, Saatlı, Zərdab, Yevlax rayonlarının 56 ümumtəhsil məktəbində fənn kurikulumlarının tətbiqi vəziyyəti araşdırıldı, mövcud problemlər öyrənilərək təkliflər hazırlandı. Bu addım ölkə təhsilində monitorinq sisteminin və ənənəsinin təkmilləşməsinə töhfə oldu.

 

2013-cü il “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yadda qaldı: “Strategiya təhsilin əsas prioritet məsələlərini təhsil işçilərinin qarşısında bir öhdəlik olaraq qoydu. Bundan sonra artıq hamıya məlum oldu ki, əsas diqqət mərkəzində təhsilin məzmunu, təhsil sahəsində beynəlxalq təcrübələrə uyğunlaşma, mövcud vəziyyətin təhlili, strateji planlaşdırma kimi məsələlər olacaq”.

 

2013-cu ildə müəllimlərin işə qəbulu prosesində təkmilləşmələr aparıldı - proses çevikləşdirildi və şəffaflaşdırıldı.

 

2014-cü ildə təhsilimizdə innovativ layihələrin icrasına başlanıldı. Ali təhsil sahəsində ilk dəfə olaraq “SABAH” (savadlı, bacarıqlı, hazırlıqlı) qrupları layihəsinin həyata keçirilməsinə başlanıldı. 34 ali təhsil müəssisəsindən 33 ixtisas qrupu üzrə 769 nəfər üç mərhələli müsabiqə əsasında seçilərək “SABAH” qruplarına qəbul olundu. “E-derslik.edu.az”, “e-sinif.edu.az”, “e-telim.edu.az”, “e-test.edu.az”, “i-olimp.edu.az” elektron portallarının istifadəyə verilməsi təhsilin informasiyalaşdırılması istiqamətində atılan önəmli və yeni addımlar oldu. 2014-cü ildə diqqət çəkən fəaliyyətlərdən biri də ali məktəblərə qəbul imtahanlarında 500-dən yuxarı bal toplamış, müəllimlik ixtisaslarını birinci sırada seçmiş və ali məktəblərə qəbul olunmuş 300 tələbəyə hər ay 100 manat olmaqla təqaüd verilməsidir. Bu addım minlərlə bacarıqlı abituriyentin müəllimlik ixtisaslarını seçməsinə stimul oldu. 2014-cü il təhsil islahatı baxımından çox əhəmiyyətli oldu: “2015-2022-ci illəri əhatə edəcək olan inklüziv təhsil layihəsinin əsası qoyuldu. Peşə təhsili istiqamətində Cənubi Koreya ilə müqavilə bağlandı. Müəllimlərin işə qəbulu imtahanlarında informasiya kommunikasiya texnologiyalarından istifadə və şəffaflığın artırılması, gənc müəllimlərə çalışdığı yerlərə bağlı olaraq maaşa əlavənin və kompensasiyaların təyin olunması da bu ilin nailiyyətləri arasında qeyd oluna bilər”.

 

2015-ci il Bakı müəllimlərinin yaddaşında diaqnostik qiymətləndirmə ilə qaldı. Bakıda 28 min 758 müəllim bu qiymətləndirmədə iştirak etdi. 2015-ci ildə pilot layihə olaraq təmayül siniflərin təşkilinə başlanıldı. Gələcəkdə məktəb idarəçisi olmaq istəyənlər üçün təlimlər təşkil olundu. 162 namizəd təlimlərə qatıldı. Təlimləri uğurla başa vuranlardan 24-ü direktor, 16-sı müavin vəzifəsinə təyin olundu. Bu praktika məktəb idarəçilərinin seçimi, hazırlığı və təyinatı sahəsində yeni bir addım idi.

 

Qoşqar Məhərrəmov diqqətə çatdırıb ki, 2014-2015 tədris ilinin yenilikçi layihələrindən biri də “Sağlam təhsil - sağlam millət” layihəsidir. Bakı şəhərindən beş, Sumqayıt şəhərindən isə bir məktəb cəlb olunmaqla, “Sağlam təhsil - sağlam millət” layihəsinə start verildi. Burada əsas məqsəd təhsilalanların siniflərdə dərs aldıqları zaman psixi və fiziki sağlamlıqlarını mükəmməl formaya salmaq, həmçinin yüksək təhsillə bərabər, mənəvi və fiziki tərəfdən inkişaf etmiş vətəndaş kimi yetişdirməkdir.

 

2016-cı ildə müəllimlərin diaqnostik qiymətləndirilməsi davam etdirildi və uğur qazanan müəllimlərə maaş artımı tətbiq edildi. 2016-cı ilin daha bir uğurlu addımı məktəbəhazırlıq qruplarının əhatə dairəsinin genişləndirilməsidir. Belə ki, həmin il məktəbəhazırlıq qruplarının əhatəliliyi 24 faizdən 55 faizə yüksəlib. Ali təhsil müəssisələrinə və müəllimlik peşəsinə rekord sayda qəbul oldu.

 

2017-ci ilin ilk dərsi “Cocuq mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olundu və 24 ildən sonra bu kənddə məktəb zəngi çalındı. Məktəbəhazırlıq qrupları ötən 55 faizdən 65 faizə yüksəldi. 2017-2018-ci tədris ili “Ümumi təhsildə keyfiyyət ili” elan olundu. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqənin ilk dəfə təşkili müəllimlərin motivasiyalarını artırdı. İlk il olmasına baxmayaraq müsabiqəyə 282 layihə təqdim olundu. Onlardan 122 layihə qalib olaraq icra edildi.

 

2018-ci ildə “Peşə təhsili haqqında” qanun qəbul olundu və peşə təhsilinin 3 səviyyəsi – ilk peşə, texniki peşə və yüksək peşə təhsili müəyyənləşdirildi.

 

Elm sahəsində Azərbaycan “Web of Science” bazasına daxil olan məqalələrin sayına görə Cənubi Qafqazda lider oldu.

 

2019-cu ildə ölkənin seçilmiş şagirdlərini bir araya gətirərək rəqabət mühiti yaratmaq və beynəlxalq uğurlar qazanmaq məqsədilə Gəncə, Şirvan, Şəki və Qubada lisey sinifləri formalaşdırıldı. Şagird yerdəyişməsi üçün elektron sistem fəaliyyətə başladı. “Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilərək 70 məktəbə çatdı. Şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulan STEAM layihəsinin icrasına başlanıldı. İstedadlı gənc müəllimləri aşkara çıxarmaq üçün Azərbaycan Gənc Müəllimlər Assosiasiyası yaradıldı. Azərbaycan müəlliminin orta əməkhaqqı 600 manata çatdırıldı və ölkədə 1000 manatdan çox əməkhaqqı alan müəllimlərin sayı 5 mindən çox oldu.

 

2020-ci il isə pandemiya və 44 günlük Vətən müharibəsi ilə yadda qaldı. Təhsil sistemi bir çox çətinliklərlə üzləşdi. Lakin Təhsil Nazirliyi COVID-19 pandemiyasına çevik reaksiya verdi. Məktəblər məcburi olaraq bağlanan kimi martın 11-dən “Dərs vaxtı” verilişinin yayıma başlanıldı. Apreldə isə “Virtual məktəb” layihəsinə start verildi. Bu layihə ilə Azərbaycan müəllimi ilk dəfə elektron öyrənmə platforması ilə tanış olmağa və həmin platforma vasitəsilə tədris, qiymətləndirmə, kommunikasiya işi aparmağa başladı.

 

“44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun tarixi qələbəsi 2020-ci ilə öz möhürünü vurdu. Bu qələbəyə töhfə verən Azərbaycan müəllimi qanlı döyüşlərdə iştirak etdi, qazi oldu, şəhid oldu. Pandemiya dövründən artıq virtual dərslərlə şagirdlərin təhsil ehtiyacını qarşılayan təhsil sistemi müharibə dövründə də ara vermədən teledərslərə və “Virtual məktəb” platforması vasitəsi ilə məktəblərin fəaliyyətinə davam etdi.

 

Nəzər saldığımız bu 10 il ərzində təhsildə böyük işlər görülüb. Təhsilin bəzi problemlərinin isə ölkənin ümumi inkişafına paralel olaraq öz həllini tapacağına inanıram”, - deyə Qoşqar Məhərrəmov fikrini yekunlaşdırıb.

Xəbər lenti