Logo

XII Qəbələ Musiqi Festivalının açılış mərasimi baş tutub

01.08.2021 15:30 479 baxış
IMG

31 iyul - 4 avqust 2021-ci il tarixlərində ölkəmizdə Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Musiqi Akademiyasının dəstəyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş XII Qəbələ Musiqi Festivalı keçirilir. 

 

Tehsil.biz xəbər verir ki, 31 iyul XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi baş tutub.

 

Festivalın ilk tədbiri Heydər Əliyev Konqres Mərkəzində BMA-nın respublika və beynəlxalq müsabiqələr laureatları olan tələbələrinin kamera-instrumental konserti olub. Azərbaycan, qərbi-avropa və rus klassiklərinin incilərindən ibarət gözəl repertuar təqdim edilib.

 

XII Qəbələ Musiqi Festivalının təntənəli açılış gecəsi Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi orkestrinin (bədii rəhbər – Xalq artisti, general-mayor Yusif Axundzadə, dirijor Rüfət Axundzadə) və heyətin solistləri olan vokalçılar Kənan Qədimovun, Aynur İsgəndərlinin, zurna ifaçısı Namiq Qurbanovun, nağara ifaçısı Anar Hüseynovun iştirakı ilə açıq səhnədə baş tutub. 

 

Konsertdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, SSRİXalq artisti, Qəbələ Musiqi Festivalının bədii rəhbəriFərhad Bədəlbəyli iştirak ediblər. 

 

Ü.Hacıbəylinin qələminə məxsus incilər - Azərbaycan Respublikasının Dövlət Himni, “Koroğlu” operasına uvertüra, xalq musiqi nümunələrimiz “Sarı gəlin” mahnısı, “Qarabağ şikəstəsi”, “Yallılar” rəqsi, F.Bədəlbəylinin “Zəfər marşı” və “Anamız Azərbaycan” mahnısı, Müslüm Maqomayevin “Azərbaycan”, Elza İbrahimovanın “Ey Vətən”, Gülsüm Eldarovanın “Cəngi” mahnılarından ibarət zəngin hərbi-vətənpərvər səciyyəli musiqi gecəsi baş tutub. 

Xəbər lenti