Logo

ATU-da yeni ixtisasların təşkil olunması planlaşdırılır 

02.09.2021 10:14 471 baxış
IMG

Azərbaycan Tibb Universitetində ardıcıl olaraq islahatların aparılması davam edir. Rektor, professor Gəray Gəraybəylinin rəhbərliyi ilə universitet tədris proqramlarını dünyanın bir sıra qabaqcıl ölkələrinin və o cümlədən qardaş Türkiyənin tədris proqramlarına uyğunlaşdırmaq istiqamətində iş aparır. 

Bu barədə "Tehsil.biz"ə danışan ATU-nun Əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov universitetimizdə yeni ixtisasların təşkilinə zərurət yarandığını bildirib:

“Hazırda magistrlər magistratura pilləsində 5 ixtisas - Əczaçılığın texnologiyası, Əczaçılığın kimyası, Farmakoqnoziya, Toksikoloji kimya və Əczaçılığın təşkili üzrə ixtisaslarını artırırlar. Günün tələblərinə uyğun olaraq, bir sıra yeni ixtisasların təşkilinə ehtiyac yaranıb. Ona görə də yaxın gələcəkdə Əczaçılıq menecmenti, Əczaçılıq kosmetologiyası, Farmakologiya, Klinik əczaçı, Fizioterapiya, Məhkəmə-kriminalistika ilə bağlı yeni ixtisas yerlərinin açılmasını istəyirik.  Universitetimizin rektoru adıçəkilən ixtisasların açılmasına şəxsən diqqət göstərir. Rektor, bu məqsədlə tədris proqramlarının hazırlanaraq Təhsil və Səhiyyə nazirliklərinə təqdim olunması barədə lazımi göstərişlərini verib. Biz də dekanlıq olaraq işimizi bu istiqamətdə qurmuşuq”.

Dekan təşkil olunacaq yeni ixtisasların magistrlərin bilik və bacarıqlarının artırılmasında müstəsna rol oynayacağına əminliyini də ifadə edib.

Xəbər lenti