Logo

Sumqayıtda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib

16.09.2021 23:00 416 baxış
IMG

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yüksək nəticə göstərən məzunlarla görüşüb. Onları əldə etdikləri uğurlar münasibəti ilə təbrik edib, gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.

Tehsil.biz xəbər verir ki, Zakir Fərəcov son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb və bu sahənin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Şəhər rəhbəri bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Sumqayıt şəhərində təhsil infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Yeni təhsil müəssisələri tikilərək istifadəyə verilib. Eyni zamanda mövcud təhsil müəssisələrində əsaslı təmir işləri aparılıb. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.

Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə məruzə ilə çıxış edərək Sumqayıt təhsilinin, abituriyentlərin əldə etdiyi uğurlardan danışıb.

Vurğulanıb ki, 2020-2021-ci dərs ilində Sumqayıt şəhəri ümumtəhsil məktəblərinin XI siniflərini 2920 nəfər məzun başa vurub. Məktəblərdə alınan ilkin məlumatlara əsasən onlardan 2475 nəfəri ali məktəblərə sənəd verib. Qəbul imtahanlarında iştirak edən məzunların 1794 nəfəri, yəni abituriyentlərin 72%-i ali məktəblərə qəbul olunub.Onlardan 150 nəfəri 600-dən çox bal toplamışdır ki, bu da ötən ilki göstəricidən 31 nəfər çoxdur. O cümlədən, 650-dən çox bal toplayanların sayı 40 nəfər olmuşdur.

Arzu Alızadə bildirib ki, 21 nömrəli məktəbin məzunu Quliyev Fuad Anar oğlu III ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticə – 680 bal toplayıb. 11 nömrəli məktəbin məzunu Şəfiyev Əbil Üzeyir oğlu isə I ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticə göstərərək 697 bal toplayıb. Təbiət elmləri təmayüllü gimnaziya və Texniki və təbiət elmləri liseyinin məktəbi başa vurmuş bütün məzunları ali məktəbə qəbul olunub və qəbul faizi 100% təşkil edib.

Tədbirin sonunda tələbələrə qiymətli hədiyyələr təqdim olunub.

Xəbər lenti