Logo

DİM: Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə namizədlərin elektron qeydiyyatına başlanılacaq

21.09.2021 14:30 245 baxış
IMG

Oktyabrın 5-dən etibarən zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə namizədlərin elektron qeydiyyatına başlanılacaq.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, sertifikat almaq üçün ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı təşkilatda hazırda işləyən, məhkumluğu olmayan, yaşı 25-45 arasında olan fiziki cəhətdən sağlam Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər. Namizədlər ilk növbədə Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olub özlərinə “Şəxsi kabinet” açmalı, daha sonra isə verilən link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Namizədlər qeydiyyatdan keçdikdən sonra onların elektron poçtuna göndərilən bildirişdə qeyd olunan tarix və yerdə aşağıdakı sənədləri təqdim etməklə müsahibədə iştirak edirlər:

-Elektron sistemə daxil etdiyi anket;

-Şəxsiyyət vəsiqəsi;

-Ali təhsil haqqında sənədin əsli (diplom);

-İş yeri haqqında arayış;

-Məhkumluğun olmaması barədə arayış.

Müsahibə mərhələsində namizədin sənədləri yoxlanılır, eləcə də təhsili, fəaliyyəti, iş təcrübəsi və digər məlumatları dəqiqləşdirilir. Müsahibənin nəticəsi məqbul olduqda namizəd ümumi intellekt səviyyəsinin və psixoloji vəziyyətinin yoxlanılması üçün nəzərdə tutulan məntiq və psixometrik suallardan ibarət test imtahanına dəvət edilir. Test imtahanının vaxtı və yeri ilə bağlı məlumat namizədin elektron poçt ünvanına göndərilir. İntellekt səviyyəsini yoxlayan test imtahanında azı 40 faiz nəticə göstərən və psixometrik testin nəticəsi məqbul olan namizədlər növbəti mərhələyə buraxılır və təlimlərə cəlb edilir.

Təlimlər intensiv formada – iki gün ərzində keçirilir. Təlimlərin vaxtı və yeri barədə məlumat qruplar komplektləşdirildikdən sonra namizədin elektron poçt ünvanına göndərilir.

Namizəd təlimləri uğurla başa vurduqdan sonra imtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanına dəvət olunur. Bu imtahandan da müvafiq nəticə əldə edənlər Dövlət İmtahan Mərkəzinin elektron nəzarətçilər bazasına daxil edilir.

İmtahanlara təyinat zamanı fəaliyyəti sertifikatlaşdırılmış zal nəzarətçilərinə üstünlük verilir.

Qeyd edək ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesində ümumi intellekt səviyyəsini yoxlayan test imtahanı və təlimlər mərhələsi ödənişlidir.

“Əməkdar müəllim” fəxri adı olan müəllimlər sertifikatlaşdırma prosesinin bütün ödənişlərindən azaddırlar.

Elektron qeydiyyatla bağlı suallar yaranarsa, [email protected] ünvanına yazmaq və ya DİM-in regional bölmələrinə müraciət etmək olar.

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları DİM-in saytında yerləşdirilib.

Xəbər lenti