Logo

“STEAM-la fərqli mühitdə”

25.11.2020 19:02 559 baxış
IMG

Son illər Təhsil Nazirliyinin təşəbbüsü ilə atılan müsbət addımlardan biri innovativ yeniliklərin  təhsilimizə gətirilməsidir.   Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri belə addımlardandır  və müəllimlərin yaradıcı düşüncəsinin inkişafına xidmət edir.     

 

Cari tədris ilində Təhsildə inkişaf və innovasiyalar üzrə  IV Qrant müsabiqəsinin qalibi olmuş  və artıq icrasına başlanılmış  "STEAM-la fərqli mühitdə" layihəsinin tətbiq olunması müasir dövrdə bir çox ölkələrdə STEAM dərslərinin aktuallıq kəsb etməsi və geniş yayılması ilə əlaqədardır.   

 

Bu dərslərin digərlərindən fərqli, müsbət üstünlükləri olduğunu bilirik. STEAM-Elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənətin inteqrasiyası deməkdir. STEAM dərsləri praktik, yeni metodologiyalar əsasında öyrədilir STEAM dərslərinin tədrisi  cəmiyyətimizdə yaradıcı olmaq, yeni texnologiyalardan istifadə etmək bacarıqlarını formalaşdırmaq baxımından vacib və zəruridir. Dərslərin nəticəsində şagirdlərdə riskləri nəzərə almaq, praktik öyrənmə bacarıqları,  problemin həllində israrlılıq və yaradıcılıq, komandada işləmək,  çevik, fərqli fikirlər irəli sürmək, yaranacaq yeni ixtisaslar üzrə işləmək bacarıqları formalaşır.

 

Ölkəmizi texnologiya ixtiraçısına, istehsalçısına çevirmək üçün ümumtəhsil məktəblərinin şagirdlərinin də bu istiqamətdə vacib rol oynaması üçün STEAM təhsili tədris edilməlidir.  Öyrəniləcək metodologiyalar sırasında əl əməyi nəticəsi və sonrakı analizi, layihə əsaslı (PBL), araşdırmaya əsaslanan öyrənmə, mühəndislik dizaynı, proqramlaşdırma, escape room, mobil öyrənmə, analogiyalarla öyrənmə, fənlərarası inteqrasiya və s. sadalamaq olar.

 

Pilot layihələrin rayon və bölgələrdə olacağını nəzərə alaraq, Göygöl rayonunun məktəblərində bu şəraiti yaratmağı vacib bildim. STEAM dərslərinin nəticəsi şagirdləri həyata hazırlayır. O, real həyatdakı problemləri həll etməyi öyrədəcək. Qeyd edim ki, layihədə iştirak etmək üçün Göygöl rayonu üzrə 7 məktəb və hər məktəbdən müsahibə yolu ilə 3 müəllim seçilib. Müəllimlərə Problem Əsaslı Öyrənmə, Layihə əsaslı öyrənmə, Tinkering, Mobil öyrənmə, Mikrobit dərsləri və s. tədris edilir. Artıq ümumilikdə, 21 müəllim 10 təlimdən keçib. Onlar öyrəndikləri metodları öz məktəblərində tətbiq edəcəklər.

 

Layihəni  həyata keçirən zaman öncə məktəb direktorları ilə STEAM  haqqında görüş təşkil olundu ki, müəllimlər öz məktəblərinə tətbiq edəndə təhsil müəssisələrinin rəhbərləri  məlumatlı olsunlar.

 

Layihənin tətbiqi gedişində şagirdlər aşağıdakı nəticələrə gələ biləcək:

  • -tənqidi düşüncə, problemin həlli;
  • -yaradıcılıq, innovasiya;
  • -əməkdaşlıq, komanda işi,
  • -ünsiyyət;
  • -informasiya, media savadlılığı;
  • -texnologiya savadlılığı;
  • -rəhbərlik, çeviklik, yenilikçilik.

 

STEAM-ın ilk dəfə Göygölün kənd məktəblərində tətbiqi bir ilkdir. Bu layihəni  yazmaqda əsas məqsədlərimdən biri müəllimlərin yeni tədris metodu ilə tanış olması və bu yenilikləri şagirdlərə ötürməsidir.  Sentyabrın 15-dən Göygöl məktəblərində tətbiqinə başlanan layihə dekabrın 15-ə kimi davam edəcək.

 

Kəmalə NƏHMƏDOVA

Göygöl rayonu 8 Mart kənd ümumi orta məktəbin kimya müəllimi, layihə rəhbəri

Xəbər lenti