Logo

“Tələbə-şagirdlərə ictimai nəqliyyatda güzəşt edilsin”

23.11.2021 13:09 146 baxış
IMG

"Bu gün vətəndaşları ən çox narahat edən təhsil, sağlamlıq və məşğulluq məsələləridir. Əslində bu problemlərin həlli uzunmüddətli dövrə söykənir. Düşünürəm ki, biz bu gün yeni nəsilləri təhsil vasitəsilə düzgün yetişdirsək, onları sağlam həyat tərzinə istiqamətləndirsək, qeyd etdiyim bu problemlər növbəti illərdə müəyyən qədər öz həllini tapar”.

Tehsil.biz xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentdə büdcə müzakirələrində çıxışında bildirib. 

O qeyd edib ki, əgər bu gün gənclər fiziki aktiv deyillərsə, həyətlərdə idman meydançaları azlıq təşkil edirsə, o, zaman  kütləvi sağlam həyat tərzindən danışmaq mümkün deyil: “Məhz bu səbəbdən təhsil, idman və gənclər sahəsi diqqət mərkəzində saxlanmalı və bu sahələrə maliyyə dəstəyi  daha da artırılmalıdır. 

Bu gün sevindirici haldır ki, orta və ali təhsil müəssisələrimizdə tədris üçün gərəkli olan bütün müasir texnologiya avadanlıqları əlçatandır. Amma unutmamalıyıq  ki, elm və texnologiya sürətlə dəyişir və inkişaf edir. Bu dəyişikliklərə uyğunlaşmaq və yeni avadanlıqların davamlı təczihatı üçün Təhsil Nazirliyinə xüsusi vəsait ayrılmalıdır. Bildiyiniz kimi artıq əksər ictimai nəqliyyat vasitələrinda ödəniş nağdsız-kart sisteminə keçirilir. Təklif edirəm ki, bu fürsətdən istifadə edərək ictimai nəqliyyatdan istifadə zamanı tələbə və şagirdlər, müəllimlərə müəyyən güzəştlər tətbiq edilsin. Hətta şəhid ailələri və qazilər üçün də ictimai nəqliyyatdan istifadə zamanı güzəştlər tətbiq edilməsi sevindirici hal olar”.

N. Həmzəyev çıxışında  futbolun vəziyyətinə də toxunub və bu sahədə çox da ürəkaçan vəziyyətin olmadığını qeyd edib: “AFFA-ya kifayət qədər vəsait ayrılır. Amma, Gəncə futbolu kənarda qalıb. Gəncəliləri narahat edən məsələ Kəpəz FK-nın əsas liqada olmamasıdır. Regionlarımızda  futbolu yenidən dirçəltmək və Kəpəz FK-nın əsas liqaya qayıtmasını təmin etmək lazımdır”. (Qafqazinfo)

Xəbər lenti