Logo

Respublika ikincisi: “Bakı Ali Neft Məktəbi Qafqazın ən nüfuzlu ali təhsil müəssisəsidir” 

27.11.2021 11:43 565 baxış
IMG

Ayxan Kazımov 2003-cü ildə Şəmkir rayonunun Düyərli kəndində anadan olub. 2010-cu ildə Bakı şəhəri 43 nömrəli Məktəb-lisey kompleksinin I sinfinə daxil olub. 2012-ci ildən təhsilini Şəmkir rayonu Düyərli kənd 2 nömrəli tam orta məktəbdə davam etdirib. 2021-ci ildə həmin məktəbin məzunu olub. Fizika, riyaziyyat üzrə Respublika fənn olimpiadalarında, həmçinin beynəlxalq “Kenquru” riyaziyyat müsabiqəsində  iştirak edib. Buraxılış imtahanında makimal bal (300) toplayıb. Buraxılış və qəbul imtahanları üzrə balı ümumilikdə 695,5 təşkil edib. Ayxan Kazımov I ixtisas qrupu və ümumilikdə Respublika üzrə ikinci ən yüksək nəticəni göstərib. Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasında təhsil alır. Prezident təqaüdçüsüdür.  

-Bakı Ali Neft Məktəbində təhsil almaq qərarını necə verdiniz?
-Bakı Ali Neft Məktəbi barədə VIII sinifdə oxuyandan məlumatlı idim. Qardaşım, müəllimlərim bura haqqında tez-tez danışırdılar. Bu ali təhsil ocağı barədə eşitdiklərim marağımı artırdı. Araşdırma apardım və gördüm ki, Bakı Ali Neft Məktəbi ölkənin, hətta Qafqazın ən nüfuzlu ali təhsil müəssisəsidir. Ona görə də bura daxil olmağı qarşıma hədəf qoymuşdum.
 
-İnformasiya təhlükəsizliyi ixtisası seçiminiz nə ilə bağlıdır?
-İnformasiya təhlükəsizliyini ən nüfuzlu ixtisas hesab edirəm. Bu ixtisas həm bu günün, həm də gələcəyin ixtisasıdır. Bu ixtisasa, bu sahənin mütəxəssislərinə böyük tələbat var. İxtisasın nüfuzu, tələbatın böyük olması seçimimə səbəb oldu.
 
-Ali Məktəbə necə hazırlaşırdınız? Yüksək bal toplamaq istəyən abituriyentlərə nə məsləhət görürsünüz?
-Düşünürəm ki, ən vacib məsələ vaxtın düzgün bölüşdürülməsidir. Vaxtı hədər yerə sərf etmək olmaz. Zamanı düzgün bölməklə yanaşı, əzmlə çalışmaq da vacibdir. Gün ərzində 3-4 saat əzmlə çalışmaqla bu nəticəni əldə etmək olar. Mən daim əzmlə çalışırdım. Qarşıma məqsəd qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olum. Həmçinin Prezident təqaüdünə layiq görülüm. Beləliklə, hər üç hədəfimə çatmağa nail oldum.
 
-Adınızı Prezident təqaüdçüləri siyahısında görəndə hansı hissləri keçirdiniz?
-Respublika ikincisi olduğuma görə bilirdim ki, bu ada layiq görülmüşəm. Amma adını o siyahıda görmək başqa hissdir. Cənab Prezidentin Sərəncamında adımı görəndə çox sevindim. Bu siyahıda adının olması qürurverici hissdir. Mən bu ada layiq görüldüyüm üçün çox xoşbəxtəm.
 
-Bakı Ali Neft Məktəbində dərslərlə bağlı təəssüratlarınız necədir? Dərsləriniz necə keçir?
-Dərslərdə müəyyən çətinliklərimiz var. Amma bu çətinliyi gözləyirdim. Çünki Bakı Ali Neft Məktəbi nüfuzlu ali təhsil ocağıdır və burada dərslərin asan olduğunu gözləmirdim. Müəllimlərimiz çox tələbkardırlar. Yüksək səviyyədə dərs keçirlər.
 
-Gələcək hədəfləriniz nələrdir?
-Əvvəla, Bakı Ali Neft Məktəbinin bakalavr pilləsini yüksək göstəricilərlə oxumaq, uğurlu məzun olmaq istəyirəm.  Sonra magistratura təhsili almaq və bu ixtisas üzrə peşəkar mütəxəssis olmaq niyyətindəyəm. Ən böyük məqsədlərimdən biri Azərbaycanı dünyada layiqincə təmsil etməkdir.
 
-Əlavə məşğuliyyətiniz, hobbiniz varmı?
-Bədii əsərlər oxumağı çox xoşlayıram. Dedektiv janrda əsərlər daha çox marağımı cəlb edir.

Xəbər lenti