Logo

Rusiya Federasiyasının Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

27.11.2021 13:33 534 baxış
IMG

2021-ci il 27 noyabr tarixində Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və digər məsul əməkdaşlar ilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdən öncə iştirakçılar DİM-in binasında yerləşən Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək ulu öndərin xatirəsini yad ediblər.

Görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə son illər Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında təhsilin qiymətləndirilməsi və elmi-tədqiqat işlərinin aparılması istiqamətində bir sıra nailiyyətlərin əldə edilməsini qeyd edib. Belə ki, DİM xarici dil kimi rus dili fənni üzrə abituriyentlərin bilik və bacarıqlarının qiymətləndirilməsi mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Rusiyanın Sankt-Peterburq Dövlət Universiteti ilə, Azərbaycanın təhsildə qiymətləndirmə və qəbul modelinin dünyada işıqlandırılması məqsədilə Rusiyanın Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universiteti ilə, həmçinin imtahan suallarının tərtibi üzrə təcrübə mübadiləsi aparmaq məqsədilə Təhsildə Keyfiyyətin Monitorinqi üzrə Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edir.

Öz çıxışında Məleykə Abbaszadə iki ölkə arasında bağlanmış beynəlxalq müqavilələr əsasında Rusiyanın müvafiq ali təhsil müəssisələrinə ilkin seçim mərhələsinin DİM tərəfindən keçirilməsi, DİM əməkdaşlarının Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi üzrə Avrasiya Assosiasiyasının (EAOKO) tədbirlərində iştirakı və onlayn olimpiadaların keçirilməsinə dəstək kimi məsələləri də vurğulayıb.

Daha sonra DİM-in Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar departamentinin müdiri Oleq Şelaginov imtahan nəticələrinin elmi-statistik analizi, yazı işlərinin qiymətləndirilməsi texnologiyası, qiymətləndirmə prosesinin mərhələləri, markerlərin və qiymətləndirmə meyarlarının hazırlanması haqqında təqdimat edib.

Qonaqlar qapalı şəraitdə sual kitabçalarının çap edilməsi prosesi ilə yaxından tanış olublar, həmçinin onlara Azərbaycanda qiymətləndirmə sisteminin yaradılmasından bu günə qədər aparılan işlərə dair DİM-in muzeyində eksposiziya təqdim olunub.

Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Sergeyev qeyd olunan işləri müsbət qiymətləndirib və təhsilin qiymətləndirilməsi sahəsində ölkələrarası əməkdaşlığın davam etdirilməsi, bu sahədə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiq olunması və digər sahələrdə həyata keçirilən işlərə dəstək göstərməyə daim hazır olduğunu bildirib.

Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün müzakirələrin davam etdirilməsinin vacib olduğunu vurğulayıblar. 

Xəbər lenti