Logo

Oxumağı və yazmağı bilməsə də, əl işləri ilə hamının təəccübünə səbəb olur - FOTO

30.11.2021 11:44 719 baxış
IMG

Aruz Mirzəyevin 32 yaşı var. Şəmkir şəhər sakini olan Aruz səhhətindəki problem səbəbindən nə orta məktəbə gedə bilib, nə də hər hansı təhsil alıb.

Tehsil.biz xəbər verir ki, təhsil ala bilməsə də, Aruz Mirzəyev palçıqdan, daşdan, qumdan, kibrit çöplərindən və digər materiallardan bir-birindən maraqlı əl işləri yaradır. O, qarşısına məqsəd də qoyub. Əl işləri ilə “Ginnesin Rekordlar Kitabı”na düşmək istəyir.

Yeni əl işlərinin bir qismi Qarabağ Zəfərindən sonraya təsadüf edir. Azərbaycan əsgərinin qələbəsindən ruhlanan Aruz vətənpərvərlik mövzusunda da əl işləri hazırlayıb.

Əsərlərini təbii vasitələrlə düzəltdiyini deyən həmsöhbətimiz, xammal üçün bəzən kilometrlərlə yol qət edir. “Əl işim üçün material lazım olanda, gedib çöllərdən toplayıram.

Tapa bilmədiklərimi də sifariş edirəm. Çalışıram ki, təbii vasitələrdən istifadə edim” - deyə, o bildirib.

44 günlük Vətən müharibəsində üçrəngli bayrağımızı düzəldən Aruz əvvəlcə Qız qalasının maketini yığıb: “Müharibə olandan sonra fikirləşdim ki, Şuşamızın da maketini hazırlayım. Bu, mənim üçün fəxr idi. Özüm birinci qrup əliləm. Arzum budur ki, Şuşada sərgidə iştirak edim. İstəyirəm ki, əsərimi ilk dəfə Şuşada sərgiləyim”.

Bir il ərzində 10-dan çox əl işi düzəldən Aruz rekordlar kitabına düşmək istiqamətində səylərini daha da artırıb. Bir əl işinin ərsəyə gəlməsi üçün onun ölçüsündən asılı olaraq gənc ustaya bir neçə ay vaxt lazım olur. Əsərlərinin bəziləri dəqiqlik tələb etdiyindən əvvəlcə kompüterdə sxemini düzəldir. Sonra isə işə başlayır.

O, əsərləri ilə Şəmkirdə və paytaxtda bir neçə dəfə sərgilərdə iştirak edib.

Azərtac

Xəbər lenti