Logo

Bu gün Kamal Abdullanın doğum günüdür

04.12.2020 11:33 860 baxış
IMG

Kamal Abdulla 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib.

 

1968–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.1973–1976-cı illərdə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun "Türk dilləri" şöbəsinin əyani aspirantı olub.

 

1977-ci ilin yanvar ayında Moskvada "Sintaktikparalelizm" ("Kitabi-Dədə Qorqud" dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib.1977–1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun "Türk dillərinin müqayisəli tədqiqi" şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb.1983-cü ildən başlayaraq televiziyada "Azərbaycan dili", "Qoşma", "Dəfinə", "Sözün sirri" kimi aylıq və həftəlik ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olub.1984-cü ildə Bakıda "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" adlı doktorluq dissertasiyası müdafiə edib.

 

1984–1987-ci illərdə Xarici Dillər İnstitutunun "Ümumi və Azərbaycan dilçiliyi" kafedrasının müdiri vəzifəsində çalışıb.1988–1990-ci illərdə Azərbaycan Mədəniyyət Fondunun (Hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin birinci müavini, 1990-cı ildən Fondun İdarə Heyətinin sədridir. 1993-cü ildən 2000-ci ilədək yenidən Xarici Dillər İnstitutunun "Ümumi və Azərbaycan dilçiliyi" kafedrasının müdiri vəzifəsində çalışıb.2000-ci ilin iyun ayında ölkə Prezidenti Heydər Əliyevin sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilib. 2014-cü ilin fevral ayına qədər rektor kimi fəaliyyət göstərib.2011–2014-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölməsinin akademik-katibi vəzifəsində çalışıb. 2014-cü ilin fevral ayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 19 noyabr 2014-cü il tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edilib. 28 noyabr 2014-cü il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının ilk iclasında bu qurumun Himayəçilik Şurasının sədri seçilib. 2017-ci ildən Azərbaycan Dillər Universitetinin rektorudur.

 

Kamal Abdullanın bədii əsərləri – pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və xarici ölkələrdə çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, italyan, ukrayna, fin, ərəb, yapon, monteneqro, litva, bolqar, qazax, qırğız və başqa dillərə tərcümə olunub. Pyesləri Azərbaycan, Gürcüstan, Estoniya teatrlarında səhnəyə qoyulub.

 

Kamal Abdulla "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox…", "Sirlərin sərgüzəşti", "Tarixsiz gündəlik" romanlarının, şeirlər və hekayələr toplularının müəllifidir.

Xəbər lenti