Logo

ADU ilə Yaponiyanın ölkəmizdəki səfirliyi arasında müqavilə imzalanıb 

17.12.2021 13:10 888 baxış
IMG

Dekabrın 15-də Azərbaycan Dillər Universiteti ilə Yaponiyanın Azərbaycan Respublikasındakı  Səfirliyi arasında “Mədəniyyət üzrə Ot kökləri Layihələri üçün Qrant Yardımı” çərçivəsində  “Azərbaycan Dillər Universitetində Yaponiya Araşdırmalar Mərkəzinin avadanlıqlarla təmin edilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb.

Sözügedən mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi, “Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai birliyinin sədri Yasin Dadaşov, Azərbaycan Dillər Universitetindən isə Yaponiya Araşdırmalar Mərkəzinin müdiri  Yaşar İbrahimov  iştirak ediblər.

Layihənin əsas məqsədi Azərbaycanda yapon dilinin əsas tədris müəssisələrindən biri olan Azərbaycan Dillər Universitetinin Yaponiya Araşdırmalar Mərkəzində təhsil səviyyəsini yaxşılaşdırmaq  məqsədi ilə auditoriyanı lazımi avadanlıqlarla təchiz etməkdir. 
 Mərasimində səfir Vada yapon dili təhsili ilə bağlı gözləntilərini dilə gətirərək, "Ümid edirəm ki, bu layihə vasitəsilə daha çox tələbə yüksək keyfiyyətli təhsil almaq şansı əldə edəcək" deyə bildirib. Təşkilatın sədri Yasin Dadaşov isə Yaponiya Hökumətinin “Mədəniyyət üzrə Ot Kökləri Qrant Yardımına” görə təşəkkürünü bildirib, və  "Bu işin iki məqsədi var. Birincisi insan resurslarının inkişafına töhfə vermək, ikincisi isə yüksək səviyyəli təhsil mühiti olan mərkəz yenilənəcəkdir. Ümid edirəm ki, bu layihənin həyata keçirilməsi ilə Azərbaycan Dillər Universitetində Yaponiya Araşdırmalar Mərkəzi daha da təkmilləşdiriləcəkdir” deyə qeyd edib.

Qeyd edək ki, adıçəkilən layihə cari ilin əvvəllərindən tətbiq edilməyə başlayacaq və tezliklə tələbələrin təhsil almaq şəraitini  xeyli dərəcədə yaxşılaşdıraraq müasir tələblərə cavab verəcəkdir. Bu da tələbələrin təhsildə yüksək inkişafına zəmin yaradacaqdır.

Xəbər lenti