Dövlət Gömrük Komitəsinin Akademiyasında təhsil alan tələbələrin korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirilməsi məqsədilə “Gömrük orqanlarının fəaliyyətində korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Akademiyanın rəis müavini Cəmilə Namazova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində, həyatın bütün sahələrində nailiyyətlər qazanıldığı, əsaslı islahatların aparıldığı bir dövrdə korrupsiya cəmiyyətdə ciddi, sosial-iqtisadı, mənəvi-psixoloji problemlərin yaranmasına, əhalidə dövlət orqanlarına inamsızlığın formalaşmasına səbəb olduğundan bəhs edərək korrupsiyaya qarşı mübarizə və vətəndaşlarla münasibətdə davranış qaydaları ilə bağlı bir çox məqamlara toxunmuşdur.
Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin inspektoru Aytən Pirəliyeva Komitədə aparılan islahatların bu mərhələsində sosial-iqtisadi inkişafa mane olan bütün neqativ amillərə, korrupsiya və korrupsiya hallarına qarşı mübarizə işinin tamamilə yeni səviyyəyə qaldırıldığını, cari il ərzində hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərin operativ sürətdə araşdırılaraq süründürməçiliyə və korrupsiyaya yol açan gömrük orqanı əməkdaşlarının intizam məsuliyyətinə cəlb edildiyini və barələrində qanunamüvafiq tədbirlər görüldüyünü qeyd etmişdir. O, antikorrupsiya qanunvericiliyindən, antikorrupsion maddələrin cəmləşdiyi əsas normativ hüquqi aktlardan, konvensiyalardan danışaraq mövzu üzrə geniş təqdimatla çıxış etmişdir.
Daha sonra Akademiyanın Hüquqşünaslıq ixtisasının 2-ci kurs tələbələri Dilarə Əlisoylu və Ramazan Əsgərxanov çıxış edərək, öz mülahizələrini tədbir iştirakçıları ilə bölüşmüşdürlər.