Logo

Bəxtiyar Vahabzadənin oğlu Ərdoğana TƏŞƏKKÜR ETDİ

10.12.2020 17:25 1929 baxış
IMG

“Ərdoğanın bu gün keçirilən Zəfər paradında atamın şeirini səsləndirməsi məni çox sevindirdi. Bir övlad olaraq qürurlandım”.

 

Tehsil.biz xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu Azər Vahabzadə Türkiyə prezidenti Ərdoğanın paradda atasının “Qarabağ” şeirini səsləndirməsinə münasibət bildirərkən deyib.

 


Azər Vahabzadə atasının yaradıcılığının Türkiyə dərsliklərinə salnmasından da söz açıb: 



“Türkiyədə atamın adına böyük məktəb, Ankarada park, Adanada lisey, Elazığda prospekt var. Nə zaman Türkiyəyə getsəm, özümüzə qarşı böyük diqqətin şahidi oluram. Hətta Türkiyədəki dərsliklərə atamın yaradıcılığını da salıblar”.

 

Xalq şairinin oğlu heç vaxt Ərdoğanla görüşmədiyini də dilə gətirib:

 

“Türkiyə prezidenti Ərdoğanla heç vaxt görüşməmişəm. Amma onun tez-tez atamın şeirlərinə müraciət etməsi Vahabzadə yaradıcılığına sevgisinin olduğunu göstərir”.

 

Azər Vahabzadə Azərbaycanın Zəfər paradını yüksək qiymətləndirərək, hər bir azərbaycanlı kimi Qarabağın azadlığına ürəkdən sevindiyini deyib.

 

Qeyd edək ki, bu gün keçirilən Zəfər paradında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəxtiyar Vahabzadənin bu şeirini səsləndirib:

 

“Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı. ancaq
Qanla möhürləyib, zorla alarlar.

İsa bulağının zümzüməsini,
Cabbarın, Seyidin, Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?”

Xəbər lenti