Logo

TKTA tanınma üzrə ekspert qrupu beynəlxalq vebinarda iştirak edib

24.05.2022 10:36 230 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tanınma üzrə ekspert qrupu “QUATREC” layihəsinin tətbiq edilməsi çərçivəsində “Kvalifikasiyaların qiymətləndirilməsində təlim nəticələrinin istifadəsi” mövzusunda vebinarda iştirak edib.

Bu barədə "Tehsil.biz"ə TKTA-dan məlumat verilib.

Bildirilib ki, Latviya Respublikasının Milli Məlumat Mərkəzinin (ENIC/NARIC) təşkilatçılığı ilə baş tutan tədbirdə Litva Respublikasının Vytautas Magnus Universitetinin, habelə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Milli Məlumat Mərkəzinin nümayəndələri mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər.

Vebinar çərçivəsində əldə olunan ali təhsil və öncəki təhsil kvalifikasiyalarının əmək bazarına daha uğurlu inteqrasiyası məqsədilə ali təhsil proqramları üçün təlim nəticələrinin təkmilləşdirilməsi məsələsi müzakirə olunub. Həmçinin sözügedən layihənin tətbiqi çərçivəsində ali təhsilə aid kvalifikasiyalar üzrə təlim nəticələrinin qiymətləndirilməsində informasiya texnologiyalarından, xüsusi alqoritmlərdən istifadə mövzusunda, o cümlədən ali təhsil müəssisələrinin təqdim etdiyi diplom əlavələrinin (akademik transkript) bu xüsusda daha səmərəli istifadəsinə dair təkliflər səsləndirilib.

Vebinarın yekununda əlaqəli mövzuya dair iştirakçıların sualları cavablandırılıb, müxtəlif dövlətlərin bu sahədə təcrübələri paylaşılıb və tövsiyələr səsləndirilib.

Qeyd edək ki, “QUATREC” kvalifikasiyaların tanınması prosesində təlim nəticələrinin müqayisəli qiymətləndirilməsini və Milli Kvalifikasiyalar Çərçivəsinə uyğun olaraq işlənilib təkmilləşdirilməsini hədəfləyən layihədir.

Xəbər lenti