Logo

ARTİ-də kimya fənninin yeni məzmun standartları müzakirə edilib

27.05.2022 13:49 217 baxış
IMG

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) kimya fənni üzrə hazırlanmış yeni məzmun standartlarının ictimai müzakirəsinə başlayıb.

Bu barədə "Tehsil.biz"ə ARTİ-dən məlumat verilib.

Qeyd olunub ki, kimya fənninin kurikulumunun təkmilləşdirilməsində Sinqapurun Alston Təhsil şirkətinin mütəxəssislərinin mentorluğundan istifadə edilib. Bu istiqamətdə ilk görüş Bakı məktəblərində kimya fənnini tədris edən qabaqcıl müəllimlərin iştirakı ilə keçirilib.   

Tədbirdə əvvəlcə ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov kurikulumların təkmilləşdirilməsi prosesi barədə məlumat verib. Daha sonra işçi qrup üzvləri VII-XI siniflər üzrə kimya fənninin kurikulumunda nəzərdə tutulan yeniliklər barədə təqdimat edib. Tədbirdə iştirak edən ümumtəhsil məktəblərinin müəllimləri tərəfindən kimya fənn kurikulumunda aparılan təkmilləşdirmə prosesi təqdirəlayiq hesab olunub. 

ARTİ-nin direktoru Rüfət Əzizov da bu müzakirədə iştirak edərək təhsildə qabaqcıl ölkələrin kimya fənninin tədrisində istifadə etdiyi müasir yanaşmalardan nümunələr verib və kimya fənni məzmununun təkmilləşdirilməsi zamanı bu təcrübələrin təhlil edilməsinin əhəmiyyətini vurğulayıb. 

Bənzər müzakirələrin fərqli platformalarda davam etdirilməsi planlaşdırılır.

Xəbər lenti