Logo

DİM-də Müstəqillik Gününə həsr olunan tədbir təşkil edilib - FOTOLAR

27.05.2022 18:51 343 baxış
IMG

Dövlət İmtahan Mərkəzində 28 May-Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov, Mərkəzin struktur bölmə rəhbərləri və digər əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən M.Abbaszadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 1991-ci ildə müstəqilliyimizin yenidən bərpası və ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda apardığı mübarizə haqqında məlumat verib.

44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun əldə etdiyi qələbə ilə bağlı da danışan sədr, bununla artıq ölkəmizin öz müstəqil strategiyasını həyata keçirmə qabiliyyətini də nümayiş etdirdiyini vurğulayıb.

“Hazırda qarşımızda duran əsas hədəflərdən biri də təhsil, elm və texnika sahəsində yeni qələbələr əldə etməkdən ibarətdir. Məhz elm və təhsil sahəsində hədəf və standartların yüksəldilməsi, strateji hədəflərə nail olmaq üçün səbrlə ardıcıl addımlar atılması ölkəmizin insan kapitalının daha da zənginləşməsinə gətirib çıxaracaq və bu müstəqilliyimizin dönməzliyinin, əbədiliyinin ən böyük təminatı olacaqdır”-deyə sədr bildirib.

Bu günlərdə Bakıda keçirilən  “Texnofest” festivalına toxunan M.Abbaszadə qeyd edib ki, mən şadam ki, “orada aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat və s. kimi sahələrin gənclər arasında təbliği aparılır və festival çərçivəsində təşkil olunan yarışlardakı gənclər bizim milli təhsil sistemimizin yetirmələridir. Cənab Prezidentin irəli sürdüyü “Qara qızılı insan kapitalına çevirmək” hədəfi öz bəhrələrini verməkdədir”. 

Yeri gəlmişkən, Dövlət İmtahan Mərkəzinin Orta təhsil sektorunun əməkdaşı Nicat İsayevin də festivala təqdim etdiyi iş “Yaşıl” texnologiyaların C (fərdi) kateqoriyası üzrə müsabiqədə final mərhələsinə yüksəlib.

Tədbirdə daha sonra Dövlət İmtahan Mərkəzinin gənc əməkdaşları çıxış edib və bildiriblər ki, bu gün müstəqil Azərbaycanın inkişafına töhfəmiz öz gündəlik işimiz, göstərdiyimiz fəaliyyət olmalıdır.

1

1

1

1

1

Xəbər lenti