Logo

“Cəsur döyüşçü” medalı ilə təltif olunan qazi: “Yerə səs dinləmə cihazı da quraşdırmışdılar ki…”

14.01.2021 14:08 537 baxış
IMG

Vətən müharibəsi Azərbaycan tarixinə zəfər salnaməsi kimi düşdü. Tarixin bu qızıl səhifələrini yazanlar isə, əlbəttə, döyüşçülərimizdir. Biz cəbhədən yeni xəbər gözləyəndə, onlar keçilməz cığırlarla, mürəkkəb dağ yolları ilə irəliləyirdilər. Hansı çətinliklərdən keçdiklərini heç birimiz təsəvvür edə bilmərik. Amma onlara borcumuz var. Vətəndaşlıq, vəfa borcu.

 

44 günlük döyüşlərdə əzmlə, cəsarətlə mübarizə aparanlardan, şücaət nümunəsi göstərənlərdən biri də Elmir Səftərovdur. O, 1996-cı ilin martın 24-də Şamaxıda anadan olub. Şamaxı rayonu Heydər Hüseynov adına Çarhan kənd orta məktəbində təhsil alıb. 2013-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 2019-cu ildə isə hərbi xidmətə yollanıb. Özünün dediyi kimi, bundan sonra yaşadıqları xatirəsində əbədi iz qoyub: “Bölmələrimiz hələ Tovuz hadisələri zamanı Kəlbəcər və Ağdərə istiqamətində düşmənə zərbə vurmaq üçün hazır vəziyyətə gətirilmişdi. Mən AQS-30 atıcısı idim və bu silahdan istifadəni kifayət qədər mənimsəmişdim. Ümumiyyətlə, keçirilən hazırlıqlarda nümunəvi xidmətlə fərqlənmiş, özümü yaxşı tərəfdən göstərmişdim. İş elə gətirdi ki, ilk günlərdən etibarən İkinci Qarabağ müharibəsinin iştirakçısına çevrildim. Taborumuz Kəlbəcər istiqamətində hərəkətə keçdi. Amma müharibə başladıqdan üç saat sonra komandirimizin şəhadətə qovuşması və ərazinin relyefinin mürəkkəbliyi əməliyyatımızı ləngitdi. Beləliklə, Talış, Suqovuşan istiqamətində hücum əməliyyatına davam etdik. Xeyli şəhid, yaralımız oldu. Lakin heç nə bizi yolumuzdan döndərə bilmədi. Oktyabrın 1-də yüngül dərəcəli travma aldım. Sağalandan sonra yenidən ordu sıralarına qatıldım”.

 

Qazimizin sözlərinə görə, düşmən məğlub olmamaq üçün bütün hiylələrdən istifadə edirdi: “Onu da deyim ki, digər istiqamətlərdəki bölmələrdən fərqli olaraq biz birbaşa, yəni xüsusi təyinatlı qoşunsuz, bayraqdarsız, haropsuz hücuma keçirdik. Dediyim kimi, relyef çox çətin idi. Ərazi meşəliklərlə əhatələnmişdi. Yollar və hücuma keçəcəyimiz yerlər isə mina ilə dolu idi. Minaya düşə bilməyəcəyimiz istiqamətlə irəlilyirdik. Lakin bu da ziyanımıza idi. Çünki hiyləgər düşmən bilərəkdən bizi mühasirəyə salmaq istəyirdi. Düzü, bir neçə dəfə bacarmışdılar da. Amma biz də əzmlə irəliləmiş və ermənilərin bir neçə postunu almışdıq. Ən mühüm postları betonlarla əhatələnmişdi. Üstəgəl, bizi kameralarla izləyirdilər. Bu azmış kimi yerə səs dinləmə cihazı da quraşdırmışdılar ki, gəldiyimizi bilib tədbir görsünlər. Hava isə çox dumanlı idi. Hər vəchlə irəliləməyimizə mane olmaq istəyirdilər. Biz belə vəziyyətdə döyüşürdük. Təcrübəmizin az olmasına, ərazini tanımamağımıza rəğmən, cəsarətimiz qələbəyə kifayət etdi. Bir çox döyüş yoldaşlarım kimi, mən də şücaətimə görə “Cəsur döyüşçü” medalı ilə təltif olundum. Allah zəfərlərimizi bol eləsin!”.

 

Kənan Novruzov,

BDU-nun Jurnalistika fakültəsinin magistrantı

Xəbər lenti