Logo

Azərbaycanın xalça növləri şagirdlərin tədqiqatlarında

15.01.2021 13:26 1100 baxış
IMG

Firudin Qurbanov: “Xalçaçılıq sənəti qədim və zəngin tarixə malikdir”

 

Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə layihəsi çərçivəsində VI Azərbaycan Mədəni və Tarixi Ənənələri Festivalı keçirilib. Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş festivalın budəfəki mövzusu “Azərbaycan xalçaları” olub.

 

“Azərbaycan xalçaları” mövzusunda illik 6-cı festivalda Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək qeyd edib ki, Azərbaycan xalqı bu gün çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır.

 

Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun Vətən Müharibəsində tarixi qələbəsi və 30 ilə yaxın Ermənistanın işğalı altında saxladığı əzəli torpaqlarımızı azad etməklə, milli çağdaş tarixinə şanlı səhifə yazdı. Bu misilsiz qələbə həm də Qarabağ ərazilərinin bərpası, milli-mədəni irsimizin bərpasının və inkişafının təmin edilməsinin həyata keçirilməsinə əlverişli zəmin yaratmışdır.

 

Bu münasibətlə festival iştirakçılarını təbrik edən F.Qurbanov diqqətə çatdırıb ki, torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt edilməsi ilə əlaqədar olaraq təbii, maddi və qeyri-maddi, mədəni abidələrimizin də talan olunaraq “əsir düşməsi” faktı təkzibedilməzdir.

 

Təəssüf ki, erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdən Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, o cümlədən dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları qarət edilmişdir.

 

Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan xalçaçılıq sənəti qədim və zəngin tarixə malikdir.

 

Xalça ilə tarix qoşa yaranmışdır. Qədim maldar tayfalar oturaq həyat tərzinə keçəndən sonra tarix ilmə-ilmə xalçada əks olunmağa başladı. Bu baxımdan, xalçalardan naxışların sayını hesablamış olsaq, bu da xalçaçılığın müqəddəs peşə, həm də qədim sənətkarlıq işi olduğunu bizə göstərəcəkdir.

 

Alimlərin nəticələrinə görə, yun xalçalar hələ Tunc dövründə mövcud olub. Eramızın VII əsrindən başlayaraq Azərbaycan xalçaları tarixi sənət nümunəsi kimi qeyd edilib, gözəlliyi, zərif toxunuşu xüsusi vurğulanıb.

 

Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir.

 

“Kitabi-Dədə-Qorqud” dastanında Azərbaycanın ipək xalçaları, Əbül Üla Gəncəvi, Nizami, Xaqaninin (XII əsr) əsərlərində xovlu və xovsuz xalçalar tərənnüm olunur.

 

XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində, miniatürlərdə öz əksini tapır.

 

1872-ci ildə Vyanada (Avstriya), 1911-ci ildə Turində (İtaliya), 1913-cü ildə Londonda və Berlində təşkil edilmiş Beynəlxalq sərgilərdə nümayiş etdirilən eksponatların əsas hissəsi Azərbaycandan aparılmış xalça və xalça məmulatlarından ibarət idi.

 

Nazir müavini bildirib ki, zaman-zaman Azərbaycan xalqına məxsus bir çox dəyərli sənət nümunələri müxtəlif vasitələrlə ölkəmizdən çıxarılıb. Onlardan bəziləri ayrı-ayrı şəxslərdən alınıb, bəziləri isə ya hədiyyə, ya da qarət yolu ilə əldə olunub. Azərbaycan xalça sənətinin bir çox nadir nümunələri  də  dünyanı  dolaşıb,  müxtəlif ölkələrin muzeylərinin eksponatına çevrilib, şəxsi kolleksiyaları bəzəyib.

 

Bu gün Azərbaycanın qadın ustalarının böyük sevgi və zövqlə toxuduqları gözəl xalçalar və xalça məmulatları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərində, eləcə də Bakıda Azərbaycan Xalçaçılıq və Azərbaycan Tarixi muzeylərində saxlanılır.

 

Bu qədim sənətin ölkəmizdə davam və inkişaf etdirilməsi üçün mühüm işlər görülür.

 

Bakıda fəaliyyət göstərən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin fondlarında müxtəlif növ çeşiddə xalçalar saxlanılır.

 

Azərbaycan mədəniyyətinin təbliğində böyük işlər həyata keçirən Heydər Əliyev Fondunun bir sıra layihələri də bu sahənin inkişafına yönəldilib. 2010-cu ilin noyabrında Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında Azərbaycan xalçaçılıq sənəti bu mötəbər qurumun Ümumdünya Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilib.

 

F.Qurbanov vurğulayıb ki, xalçanın  xalqın həyatında necə böyük əhəmiyyət kəsb etdiyi bədii ədəbiyyatda da öz əksini tapıb. Buna ən bariz nümunə görkəmli yazıçı-alim Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanıdır. Mir Cəlalın “Bir gəncin manifesti” əsərində Baharın anası Sona xanım göz yaşı içərisində üzülür. Balası Bahar 3 gündür ki, aclıq içindədir. Çarəsiz Sona xanımın son ümidi göydə allah, yerdə evində qalan sonuncu dəyərli əşya, ana yadigarı “Yusif-Züleyxa” xalçasıdır. Xalçanı salmaq ölüm, satmaq isə Baharın yaşaması deməkdir. Əlacsız ana xalçanı bazara aparır. Əcnəbi şəxsin gözü dərhal “Yusif-Züleyxa” xalçasını və onun nəfis tarixi naxışlarını tutur. “Alıram bu xalçanın qiymətini de”. Əvvəl 30 qızıl, sonra 50 qızıl təklif etdi. Satmıram dedi Sona. Bu da yüz qızıl, yüzcə qızıl, keçib bizimki… – Nə qızıla satıram, nə də ingilisə! Sona xalçanı çəkib aradan yığdı və pəhləvan kimi qoltuğuna vurdu: – Satmıram – dedi, – vəssalam! Yüzlərlə vətəndaşın sevincli, alqışlı baxışları o namuslu, qeyrətli ananı yola salırdı.

 

İtə ataram, yada satmaram, – deyərək qışqırır. – Ölüm bu alışverişdən qat-qat şərəfli və vacibdir. Bu sətiraltı tarixi fəlsəfə heç vaxt qulaqlardan, dillərdən silinməyən sözlərdir, səslərdir.

 

Romanda Sonanın simasında gerçəkləşən mübarizəyə “İtə ataram, yada satmaram”da bütün xalq, millət qoşulur. “Yusif-Züleyxa” xalçasını ingilisə satmaqdan qəti imtina edən Sonaya bütün xalq arxa durur. Onun qətiyyətli hərəkəti, “itə ataram, yada satmaram” qənaəti xalqın birliyindən, mübarizə amalından, işğalçılara nifrət hissindən, milli varlığa sonsuz sevgisindən güc alır. Mir Cəlal xalqın nümayiş etdirdiyi bu milli həmrəyliyi, yenilməz iradəni sevə-sevə tərənnüm edir.

 

Nazir müavini F.Qurbanov bildirib ki, bu gün Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara uyğun binanın inşa edilməsi bu qədim el sənətinə dövlət qayğısının ifadəsidir.

 

2014-cü ildən fəaliyyətə başlayan Xalça Muzeyi Azərbaycan xalçasının dünya miqyasında yetərincə təbliğinə və tanınmasına töhfəsini verir. Müasir tələblərə cavab verən muzeydə toplanılan nümunələr xalqımızın tarixini özündə ehtiva edir.

 

6 ildir ki, Bakı Avropa Liseyi milli-mədəni dəyərlərimizə həsr olunan festivallar keçirir. Festivallar Azərbaycanın etnomədəni kimliyini əks etdirən məlumat və ideoloji konsepsiyaya malikdir.

 

Builki – 6-cı festivalı Azərbaycanın xalçaçılıq sənətinə və onun tarixinə həsr edilir.

 

Çox əhəmiyyətlidir ki, Bakı Avropa Liseyinin şagirdləri komandalara bölünüb Azərbaycanın müxtəlif bölgələrinə aid xalça növləri üzərində tədqiqat aparıblar.

 

Uşaqlar maraqla və həvəslə xalçaçılıq, tətbiqi sənət və sənətkarlıqla bağlı böyük bir sahəni araşdırdılar, xalçalarımızın ornament və simvolikasına həsr olunmuş müxtəlif janrlarda videolar hazırladılar.

 

Tədqiqat işlərinin aparılmasında və tədbirin ərsəyə gəlməsində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyinin rəhbərliyi, muzeyin mütəxəssisləri şagirdlərə çox böyük yardım göstərmişdir.

 

Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyinin rəhbərliyinə təşəkkür edən F.Qurbanov əminliyini ifadə edib ki, olduqca əhəmiyyətli mövzuya həsr olunan festival milli-mədəni dəyərlərimizin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində  öz  töhfəsini  verəcəkdir.

 

Tədbirdə məlumat verilib ki, festival günlərində Bakı Avropa Liseyinin şagirdlərinin bir-birindən maraqlı ssenarilər əsasında ölkəmizin ayrı-ayrı regionlarına aid xalçalar, onların əsas xüsusiyyətləri və s. haqqında hazırladıqları videoçarxlar liseyin “Facebook” səhifəsində və “YouTube” kanalında, həmçinin muzeyin Uşaq şöbəsinin “Facebook” səhifəsində paylaşılıb, izləyicilər tərəfindən heyranlıqla qarşılanıb. Festival çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssisləri şagirdlərə “Azərbaycan xalçanı tanı, tanıtdır” mövzusunda onlayn mühazirələr də keçiblər. Beləliklə, layihənin birinci hissəsi pandemiya səbəbindən həm müəllimlər və şagirdlər, həm də muzey mütəxəssisləri üçün onlayn təqdimatlar şəklində reallaşdırılıb. Layihənin praktiki hissəsi isə gələcəkdə həyata keçiriləcək.

Xəbər lenti