Logo

Məktəbi cəbhəyə dəyişən cəsur müəllim

16.01.2021 14:52 424 baxış
IMG

Vətən müharibəsində Qələbə naminə Azərbaycanın təhsil ictimaiyyəti də böyük fədakarlıq göstərdi. Qəhrəmanlıq, şəhidlik zirvəsini fəth edənlər sırasına müəllimlərimizin də adı qızıl hərflərlə yazıldı. Məktəbi səngərə dəyişən vətənpərvər şəhid müəllimlərimizdən biri də Ehtiram Hüseynlidir.

 

Tehsil.biz AZƏRTAC-a istinadən bildirir ki, 1977-ci il Lənkəran şəhərində dünyaya göz açan Ehtiram oxuduğu 6 saylı məktəb-liseydə 23 ildən çoxdur hərbi rəhbər, çağırışaqədərki hazırlıq fənni üzrə müəllim işləyirdi. Qəlbində hərb sənətinə olan sevgi, Vətən torpaqlarından düşməni qovmaq istəyi onu bir gün də olsun rahat buraxmırdı. 2020-ci ilin iyulunda Tovuz istiqamətində düşmən təxribatı nəticəsində yüksək rütbəli zabitlərimizin şəhid olması onu çox hiddətləndirir. Bir neçə gündən sonra hərbi komissarlığa gedərək könüllü müraciət edir. Ehtiyatda olan baş leytenant sentyabrın 21-də ordu sıralarına çağırılır, tağım komandiri kimi təlimlərdə iştirak edir.

 

Onun tağımında olduğu əsgərlərin əksəriyyəti vaxtilə dərs dediyi şagirdləri idi. Şəhid anası Ümmülbanu Hüseynli deyir ki, məktəbdə şagirdi, cəbhədə əsgəri olan Fəridi düşmənin təxribatlarından dəfələrlə qorusa da, onun ölümündən sonra şagirdi də şəhid olub: "Ehtiram Fəridin komandiri idi. Onunla çiyin-çiyinə vuruşurdu. Bir gün onun valideynləri dedilər ki, Fərid Ehtiramın yanında döyüşür. Mən də Ehtiramla danışanda ondan soruşdum ki, Fərid yanındadır? Dedi ki, hə, narahat olmayın, əvvəl şagirdim olub, indi də əsgərimdir. Özümü ölümə verərəm, onu yox. Tale elə gətirdi ki, balam şəhid olandan beş gün sonra, Fərid də şəhid oldu".

 

Qəlbi daim Vətən eşqi ilə döyünən Ehtiram Qarabağımızı tezliklə işğaldan azad edəcəyimizi və bayrağımızı Şuşada dalğalandıracağımızı deyirdi. Elə də oldu. Müharibədə Ehtiramın da olduğu hərbi birləşmələr qarış-qarış, addım-addım düşmən üzərinə irəliləyərək onları doğma torpaqlarımızdan qovdular. Rəşadətli Ordumuzun sarsıdıcı həmlələri, zəfərləri milyonlarla qaçqın və köçkünün ürəyindən Qarabağ nisgilini birdəfəlik silib atdı.

 

Şəhidin həyat yoldaşı Vəfa Hüseynli bildirir ki, Ehtiram hər zaman Ali Baş Komandanın əmrini gözləyirdi. Gözləyirdi ki, torpaqlarımızın azad olunması üçün tezliklə cəbhəyə yollansın: "Axırıncı dəfə oktyabr ayının 20-si danışdı bizimlə, oğlum Həsəni və anasını mənə əmanət etdi. Çalışacağam onun arzularını həyata keçirim, oğlumu onun istədiyi kimi böyüdüm".

 

Ehtiram şəhid olarsa, silahdaşlarından hərbi papağının oğlu Həsənə verilməsini xahiş edib.

 

Həmyerlisi, həm də zabit yoldaşı olan qazi Elnur Talıbov indi onun yoxluğu ilə barışa bilmir. Qazimiz deyir ki, Ehtiramla yaxından tanışlığı sentyabrın 22-nə təsadüf edib. "Oktyabrın 3-də biz verilən tapşırıqların icrasına başladıq. Əvvəlcə Füzuli istiqamətindən Cəbrayıl rayonuna daxil olduq. Hər ikimiz tağım komandiri idik. Cəbrayılın torpaqlarının qarış-qarış azad olunmasında birgə hərəkət etdik. Oradan da Qubadlıya istiqamət aldıq. Oktyabrın 21-də isə tank əleyhinə idarə edilən raketlə texnikamızı vurdular. Ehtiram da orada həlak oldu", - deyə Elnur bildirir.

 

Füzulidən Qubadlıya kimi vuruşan Ehtiramın döyüş yolu 18 gün davam edir. Rəhbərlik etdiyi bölük Cəbrayıl, Füzuli və Qubadlı uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərib. Elə bu igidliyinə görə Ali Baş Komandanın Sərəncamı ilə Hüseynlı Ehtiram Həsən oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Xəbər lenti