Logo

Akademik İbrahim İbrahimovun 110 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilir

29.06.2022 12:14 248 baxış
IMG

İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, akademik İbrahim İbrahimovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, beynəlxalq konfrans AMEA, Riyaziyyat və Mexanika İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov ölkəmizdə elmə və elm xadimlərinə hər zaman yüksək dəyər verildiyini söyləyib. A.Həşimov müəllimi olmuş görkəmli alim İbrahim İbrahimovun Azərbaycan riyaziyyat elminin inkişafında xidmətlərindən söz açıb, onunla bağlı xatirələrini bölüşüb.

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov “Akademik İbrahim İbrahimovun həyatı, elmi və pedaqoji fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Diqqətə çatdırılıb ki, İbrahim İbrahimov Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı olub. O, Azərbaycanın ali məktəblərində riyaziyyatın tədrisi və təşkili sahəsində böyük xidmətlər göstərib. Akademik İbrahim İbrahimov riyaziyyat sahəsində elmlər namizədi adını almış ilk azərbaycanlı alimdir. Onun rəhbərliyi ilə 40-dan çox elmlər namizədi hazırlanıb, 6 tələbəsi elmlər doktoru olub.

Digər çıxış edənlər görkəmli alimin yüksək insani keyfiyyətlərindən, Azərbaycan riyaziyyat elminə töhfələrindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Konfrans işini üç gün ərzində 8 bölmədə davam etdirəcək, həmçinin 8 plenar məruzə dinləniləcək.

 

 

Xəbər lenti