Logo

Rəqəmsal bacarıqlar üzrə tədris portalı

17.01.2021 23:07 487 baxış
IMG

Rauf Cabarov: “Pandemiya dövründə rəqəmsal bacarıqlar özünü xüsusilə büruzə verdi”

 

Dünyanı bürümüş koronavirus pandemiyası ötən ilin əvvəllərindən Yer kürəsinin müxtəlif bölgələrində təhsilalanların tədris prosesində ciddi problemlər yaratmaqla qlobal təhlükəyə çevrildi. Şübhəsiz ki,  yaranmış situasiyada milli təhsil sistemləri qarşısında duran təxirəsalınmaz vəzifə  müxtəlif təlim texnologiyalarından istifadə etməklə ən qısa vaxtda tədrisin fasiləsizliyinin təmin olunmasına nail olmaq idi. Pandemiya bununla da təhsildə yeni texnologiyaların tətbiqi və yenilərinin yaradılması, rəqəmsal bacarıqların təşviqi üçün yeni imkanlar da yaratdı.  Azərbaycanda da bu sırada diqqətəlayiq işlərə imza atıldı. Çox sevindirici haldır ki, bu sahədə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzunları da öz töhfələrini verirlər. Bu günlərdə rəqəmsal  bacarıqlar üzrə https://iktlab.edu.az tədris portalının istifadəyə verilməsi də uğurlu  təşəbbüslərdən hesab oluna bilər. Portal  İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi tərəfindən yaradılıb. Mərkəzin direktoru,  layihənin müəlliflərindən, Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Mançester Universitetinin “İnformasiya sistemləri və idarəetmə” ixtisası üzrə məzunu Rauf Cabarov “Azərbaycan müəllimi”  qəzetinə müsahibəsində portalın fəaliyyəti barədə fikirlərini bölüşdü.

 

- Portalın yaradılması hansı zərurətdən irəli gəldi?

 

- Məlum olduğu kimi, rəqəmsal bacarıqlar ölkə əhalisinin gündəlik həyatında və müxtəlif xidmətlərdən istifadəsində əhəmiyyətli rol oynayır. COVID-19 pandemiyası dövründə bu, özünü xüsusilə büruzə verdi. Məsafədən dövlət və bank xidmətləri, iş, e-ticarət və s. kimi tətbiqlər rəqəmsal bacarıqlara  olan  tələbatı daha da artırdı. Eyni zamanda, təhlillər göstərir ki, ölkəmizdə əhalinin, o cümlədən xanımların rəqəmsal  bacarıqlarının artırılması və informasiya-kommunikasiya texnologiyalarından istifadəsi üzrə biliklərinin inkişafına ehtiyac vardır. Digər tərəfdən, bu bacarıqları  ana dilimizdə onlayn əldə etmək üçün resurslar çox azdır.

 

Bütün bu məqamları nəzərə alaraq, İKT LAB Tətbiq və Tədris Mərkəzi tərəfindən  onlayn tədris portalı yaradılıb. İktlab.edu.az onlayn tədris portalı İKT və rəqəmsal bacarıqlar üzrə videodərslərdən ibarət ödənişsiz onlayn təlimləri təqdim edir.

 

Qeyd edək ki, onlayn tədris portalı və portalda yerləşdirilən multimedia video dərslər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi və “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Qadınlar üçün multimedia onlayn kurs və veb-portalın inkişafı”  adlı layihə çərçivəsində hazırlanıb.

 

- Portalın missiyası və məqsədləri barədə nə deyərdiniz. Portal istifadəçilər üçün nələr vəd edir?

 

- Portalın əsas məqsədi ölkəmizin hər bir nöqtəsində əhalinin, xüsusilə xanımların ödənişsiz əsaslarla rəqəmsal texnologiyalar üzrə bilik və bacarıqlarının artırılmasına dəstək verməkdir. Portal “hamı üçün rəqəmsal bacarıqların inkişafı” missiyası ilə fəaliyyət göstərir və ümid edirik ki, bu, resurs texnologiyalar üzrə bilik almaq istəyən bütün insanlara kömək edəcəkdir.

 

Təlimləri uğurla başa vuran şəxslər portal üzərindən dərhal sertifikatlarını əldə edə bilərlər. Bu, onların şəxsi karyera inkişafına da töhfə verəcəkdir.

 

- Portalın əhatəliliyi barədə nə deyə bilərsiniz?

 

Portalda İKT və rəqəmsal texnologiyalar üzrə müxtəlif mövzulara həsr edilən və  ana dilimizdə hazırlanmış video təlimlər yerləşdirilib. Bu kurslar sayəsində istifadəçilər interaktiv formada onlayn təlimlərdə iştirak edəcəklər. Hal-hazırda portalda kompüter bilikləri, rəqəmsal bacarıqların əsasları, internet texnologiyalarından istifadə və digər bu kimi kurslar mövcuddur. Yaxın gələcəkdə rəqəmsal marketinq və proqramlaşdırma kimi kurslar portalda yer alacaqdır.

 

Hamınızı https://iktlab.edu.az portalında qeydiyyatdan keçməyə, onlayn təlimlərdə iştiraka və yaxınlarınızı bu portala cəlb etməyə dəvət edirik.

 

- Uğurlar!              

 

“Azərbaycan müəllimi” qəzeti

Xəbər lenti