Logo

“Xarici dillər üzrə fənn kurikulumu, tədris və qiymətləndirmə vəsaitlərinin təkmilləşdirilməsinə dəstək” layihəsi davam edir

21.01.2021 17:26 481 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) üç mərhələli “Xarici dillər üzrə fənn kurikulumu, tədris və qiymətləndirmə vəsaitlərinin (ingilis dili) təkmilləşdirilməsinə dəstək” layihəsini Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnstitutu ilə birlikdə ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə həyata keçirir. 

 

Layihənin II mərhələsinin məqsədi intensiv təlim və konsultativ görüşlər vasitəsilə siniflər üzrə kommunikativ danışıq və yazı materiallarını əhatə edən dərsliklərin yazılmasına dəstək göstərməkdir. Layihənin II mərhələsi 11 yanvar – 18 mart tarixlərini əhatə edir və artıq bu mərhələ çərçivəsində həyata keçirilən təlim və konsultativ görüşlərin 2 həftəsi geridə qalıb. Bu müddət ərzində DİM, Təhsil Nazirliyi, eləcə də Təhsil İnstitutunun xarici dil (ingilis dili) fənn kurikulumu, dərslik və qiymətləndirmə vəsaitləri üzrə mütəxəssisləri beynəlxalq ekspert Nathan Carrın bələdçiliyi ilə dərsliklərdə əhatə olunmalı mövzular, bacarıqlar və tapşırıq növləri barədə aktiv müzakirələr aparıb, bu istiqamətdə yeni bilik və bacarıqlara yiyələniblər. 

 

21 yanvar 2021-ci il tarixində keçirilən təlim sessiyasında ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri - Mədəniyyət və təhsil işləri üzrə müşavir Richard Pinkham və təhsil proqramları üzrə mütəxəssis Raminə Mürşüdova da iştirak edib, layihəyə cəlb edilən yerli ekspertləri salamlayaraq onlarla fikir mübadiləsi aparıblar.

 

Xatırladaq ki, layihənin mərhələləri müvafiq olaraq aşağıdakı məqsədləri daşıyır: 

 

  • I mərhələ - yerli xarici dil fənn kurikulumu, dərslik, qiymətləndirmə vəsaitlərinin təhlili və təkmilləşdirilməsi istiqaməti ilə bağlı təkliflərin hazırlanması; 

 

  • II mərhələ (yanvar ayı, 2021-ci il ) - CEFR səviyyələri əsasında yeni dərslik layihələrinin hazırlanması; 

 

  • III mərhələ (mart ayı, 2021-ci il) - xarici dil müəllimlərinin peşəkar inkişafı üçün təlim materiallarının hazırlanması.

Xəbər lenti