Logo

Dövlət İmtahan Mərkəzində "Zoom” platforması üzərindən hazırlıq kursları keçirilib

25.01.2021 09:06 470 baxış
IMG

23-24 yanvar 2021-ci il tarixlərində Dövlət İmtahan Mərkəzində Azərbaycan dili, ingilis dili, riyaziyyat və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları keçirilib.

 

COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydaları nəzərə alınaraq hazırlıq kursu onlayn – “Zoom” platforması üzərindən həyata keçirilib.

 

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan sonuncu kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər.

 

DİM-in şöbə müdiri Afiqə Batıyeva hazırlıq kursunun planı haqqında məlumat verərək qeyd etdi ki, iki aylıq kurs materialının nəzəri hissəsi mövcud şəraitə görə 2 gün ərzində onlayn qaydada keçiriləcək. Sonra iştirakçıların ev tapşırıqlarını bir ay müddətində internet vasitəsi ilə onlara təqdim edilən elektron ünvana göndərəcəklərini bildirdi. Kalibrləmə prosesindən keçmək üçün isə Bakı şəhərindən olan iştirakçıların DİM-in Abdulvahab Salamzadə 28 ünvanında yerləşən binasına, regionlarda yaşayan iştirakçıların isə yaşadığı əraziyə ən yaxın DİM-in Regional bölmələrinə yaxınlaşaraq yoxlama prosesi ilə tanış olacaqlarını qeyd etdi. Çıxışın sonunda A.Batıyeva kurs iştirakçılarına uğurlar arzulayaraq sözü moderatorlara verdi.

 

Hazırlıq kurslarında Azərbaycan dili fənni üzrə moderator Saməddin İbrahimov, ingilis dili fənni üzrə moderator Nərminə Əliyeva, riyaziyyat fənni üzrə moderator Aqşin Abdullayev, rus dili fənni üzrə moderator Viktoriya Ələkbərova müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu haqqında və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, qiymətləndirmə vasitələrinin formaları, məzmunu və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimat etdi.

 

Kursun sonunda müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Onlara DİM-in sertifikatı veriləcək. Gələcəkdə sertifikat almış şəxslər DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.

Xəbər lenti