Logo

Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

25.01.2021 10:08 614 baxış
IMG

Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub.

 

Azərbaycanın tanınmış milyonçusu, mеsenat, Rusiya İmperiyasının həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.

 

Tehsil.biz-in məlumatına görə, Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub.

 

Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olarkən vəfat edib. 10 yaşında ikən atası onu bənnanın yanına usta köməkçisi düzəldir. Zeynalabdin 15 yaşında ikən bənnalıq etməyə başlayır. Bir müddət sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Sonradan o, özünü ticarətdə və yüngül sənayedə də sınayır və hər ikisində qabiliyyəti ilə uğur qazanır. 1870-ci ildə onun artıq iki qazanxanadan ibarət кеrosin zavodu olub. Bütün müsəlman aləmində tanınan milyonçunu Bakıdakı müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətlərinin hamısı özünə fəxri sədr seçib.

 

H.Z.Tağıyev 1873-cü ildə 2 nəfərlə şərik olub, Bibiheybətdə icarəyə yer götürür, neft quyusu qazır. Xeyli prosesdən sonra, nəhayət, quyu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu bənna Zeynalabdin milyonçu Tağıyev kimi tanınır. Üç il ərzində şəhərin mərkəzində böyük saray tikdirir.

 

H.Z.Tağıyev həm neft maqnatı, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi, ticarət və yük gəmilərinin, həm də Quba ətrafında böyük meşələrin sahibi olub. İranın Ənzəli və Rəşt ərazisində də milyonçunun meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada dördmərtəbəli iri sarayı, İranda karvansarayları var idi.

 

Milyonçu Xəzərin sahillərində uzunluğu 300 kilometr olan torpaq sahəsi alıb, vətəgə salmışdı. Kür qırağındakı vətəgələri isə dövlətdən icarəyə götürmüşdü.

 

H.Z.Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bu, bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi.

 

Qəzet və jurnalların çap edilməsi, xeyriyyə cəmiyyətləri də, ilk növbədə, Tağıyevin adı ilə bağlıdır.

 

Sovet hakimiyyətinin Azərbaycanı işğal etdiyi vaxt Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilib. O, əlindən alınmış keçmiş mülkiyyətindən ancaq Mərdəkandakı bağ evini seçib.

 

H.Z.Tağıyev 1924-cü il sentyabrın 1-də 86 yaşında vəfat edib.

Xəbər lenti