Logo

Şahmat taxtasında başlayıb müharibə meydanında bitən ömür... - FOTOLAR

25.01.2021 10:36 1010 baxış
IMG

Bu gün Vətən müharibəsində şəhid olan Leytenant Süleyman Bağırovun doğum günüdür.Yaşasaydı, 29 yaşını qeyd edəcəkdi.

 

Neçə yollar ayrıldı səndən, neçə müharibələrə, qovğalara, toylara, mərəkələrə şahid oldun Vətən torpağı. Tarixini hər zaman qanla yazdıq. Uğrunda nə canlar getdi, səni SƏN, səni VƏTƏN, QİBLƏGAH etmək üçün.
 

…Düz 27 ildir ki, mənfur niyyətli vəhşilərin tapdaqları, nəfəsi ilə çirklənmiş torpaqlarımızı azad etmək istəyirik. Lakin…Müqəddəs amalımıza, müqəddəs məqsədimizə çatmaq üçün yolumuzu nə qədər kəsiblər. Bir gün dayanmadıq, durmadıq – uğrunda canlar verib, qanlar axıtdıq...Dözdük, qardaşlaımızı, balalarımızı, həyat yoldaşlarımızı dünyanın qaydasız müharibə oyunlarına qurban verə-verə dözdük… Gözlədik, səbr etdik ki, bir gün gələcək…
 

…Və şükür böyük yaradana ki, o gün gəldi… Azərbaycan adlı Vətənin şanlı oğulları, yenə silahlarını işə saldı. Qeyrət dəmi, qeyrət məqamı idi. Göydə Tanrı da bu dəfə bizim tərəfimizdən dönə bilmədi. Elə bil ki, daha haqqımızı HAQQ olan eşitmişdi.

 

Şahmat taxtasında başlayıb müharibə meydanında bitən ömür..

 

Deyirlər həyat bir oyundu elə şahmatın özü kimi ustalıqla oynanması lazım olan zəka oyunu. O elə şahmatda da Vətən mühariəsində də öz rolunu şərəflə, qururla oynadı, döyüşdü və ən yüksək zirvəni fəth etdi. Bu dəfə isə şahmat taxtasında deyil döyüş meydanında..Son ana qədər bütöv Azərbaycan naminə savaşdı, gənclər arasında şahmat birincisi, sənətşünas, şəhid leytenant Bağırov...

 

Qəhrəmanımız 25 yanvar 1992-ci ildə Sabirabad rayonunda dünyaya göz açıb. Orta təhsilini Şirvan şəhəri, M.Osmanov adına 20 saylı tam orta məktəbdə alıb. 2000-ci ildə şahmat məktəbinə gedib. 2005-ci ildə 14 yaş oğlanlar arasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş 3-cü respublika şahmat turnirində 1-ci yeri tutub. Həmin ilin 12 noyabr-Konstitusiya gününə həsr olunmuş şahmat yarışlarında 1-ci, 2005-ci ildə Xocalı faciəsinə həsr olunmuş şahmat turnirində 1-ci yeri tutub. Ümumiyyətlə, dəfələrlə şahmat yarışlarında birinciliyi qazanıb. 2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamalıq fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb və zabit hazırlıq kursunu keçərək leytenant rütbəsini qazanıb.

 

O, 2016-cı il Aprel döyüşlərində iştirak edib. Müqaviləsi bitdikdən sonra qayıdaraq, müxtəlif vəzifələrdə çalışıb.

 

O, həm də istedadlı sənətşünas idi…

 

Süleyman! Yaxşı dost, gözəl insan! Bir insanda ola biləcək bütün müsbət və gözəl xüsusiyyətlər deyə bilərəm ki, Süleymanda cəmləşmişdi. Onu xatırlayanda insanın üzü gülür. Yardımsevərliyi, cəsurluğu, dürüstlüyü ilə fərqlənirdi. Gözübağlı, tərəddüdsüz ona güvənəcəyimizi bilirdik.

 

Qəhrəmanla ilk tanışlığımız düşdü yadıma, 2010-cu ilin sentyabrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq faküləsi... İlk dərs günü otaqda hamı həyəcanlı halda bir-birilə tanış olur, necə bu ixtisası seçməyimizdən-kiminsə təsadüf, kiminsə istəyərəkdən, topladığımız ballardan danışmağa başladıq. Elə o gündən onunla tanışlığım, sonra dostluğum o hüznlü günədək - 2020-ci ilin Vətən müharibəsindək - bu dünyaya əlvida dediyin günədək davam etdi və bitdi. Bəs nə qaldı? Hər şeydən əvvəl yaxşı insan, istedadlı sənətşünas, həqiqi dost və haqqında xatirələr.

 

Tələbə dostlarımız arasında elə birinci kursdan seçildi öz təmkini, ağlı və intellektual səviyyəsi ilə. O, hadisələr, adamlar, əməllər haqqında dərhal, tələskən fikir bildirməz, danışığında sözə qənaət edər, rəyini bildirəndə xəsislik göstərərdi. O, həm də qrup nümayəndəsi idi. Zaman keçdikcə Süleyman bizə qrup yoldaşından daha doğma insana döndü. Bir xüsusiyyyəti vardı zarafatı elə şəkildə edərdi ki, zarafatın zarafat, ya həqiqət olduğunu anlamaq çətin olurdu.

 

Bir yerdə kitabxanalara, sərgilərə, muzeylərə gedərdik. Ona görə də bir-birimizlə ünsiyyət qurmağa imkanımız və vaxtımız çatırdı. Təvazökarlıqdan bir az kənar olsa da, biz araşdırmağı sevən tələbələr olmuşuq. Gənc rəssamların sərgilərindən başlayaraq bütün sərgilərə getməyə çalışardıq.Bu da rəssamların yaradıclığı, əsərləri haqqında fikirlərimizi daha çox genişləndirməyə imkan yaradırdı. Daha çox bu səpkidə söhbətlərimiz olurdu.

 

Universiteti bitirdikdən sonra da əlaqələrimiz kəsilmədi vaxt olduqca əlaqə saxlıyardıq.

 

2016-cı il aprel döyüşlərində də iştirak etmişdi.O zaman tez-tez elaqə saxlayıb soruşardım.Həmin vaxtlar birlikdə kurs yaratmaq istəmişdik .O şahmatı tədris edəcəkdi. Axı o,həmdə istedadlı şahmatçı idi.Bir neçə rəssam tələbə yoldaşlarımızı da cəlb edəcəkdik. Ancaq müxtəlif səbəblərə görə bu planımızı reallığa çevirə bilmədik.

 

Yenicə ailə həyatı qurmuşdu.Son zamanlar ailə, iş, həyat qayğıları və zaman darlığı səbəbindən əlaqə yarada bilmirdik.Vətən müharibəsi başlayan günlərdə ailəmizdə çətin günlər yaşayırdıq. Həm gözə görünməyən düşmənlə mübarizə, həm də həyat yoldaşımın vətən müharibəsində iştirak etməsi...Ancaq ağlımın bir köşəsində Süleymanın müharibədə oldugunu bilirdim.Çünki ürəyi vətən eşqi ilə döyünən ehtiyatda olan zabit idi.

 

Noyabrın 18-i gecə saatlarında qrup yoldaşım sosial şəbəkədə Süleymanın şəhid xəbəri olan şəklini göndərdi. İnanmaq istəmirdik ikimiz də. O, Sülymanın qardaşıyla mən isə onun instaqram profilinə yazdım. Bu dəfə yoldaşı cavab verdi və təssüflər olsun ki, eşitdiyimiz düz idi...

 

Leytenant Bağırov Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub.Öz kamandası ilə düşmənə sarsıdcı zərbələr endirib.Oktyabrın 8-i şiddətli döyüşlərin birində düşmən Cəbrayılda XTQ-in hərbçiləri və Süleymanın olduğu maşını partladıb.

 

Süleyman Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan bütövləşsin, minlərlə köçkün öz yurduna qayıda bilsin deyə döyüşdü və ən yüksək zirvəyə yüksəldi.

 

Məlum səbəblərə görə şəhidimizin dəfnində iştirak edə bilməmişdim..Acısı təzə olan biriləri mənim telefonda verəcəyim başsağlığı ilə nə təskinlik tapacaqlar?

 

Həyat yoldaşına Mehriban xanıma başağlığı verdim. Və dostuma olan vəfa borcumu ödəmək üçün onu bu sətirlərin arasında yaşatmaq istədim. Özü də əbədi! Qoy hər kəs bilsin ki, bu dünyadan bir Süleyman Bağırov keçdi! Qoy hamı bilsin ki, Vətəni üçün canını fəda edən Süleyman Bağırov özündən sonra bu dünyada ürəyi yanğılı ana-ata, ruhən onunla məzara gedən gözüyaşlı həyat yoldaşı və… özündən bir parça, üzünü belə görmədiyi qızını qoyub gedib…

 

Süleymanın bizi belə tez tərk etməsi mənə sözlə ifadə olunmayacaq dərəcədə çətindir. Aramızdan belə tez gedəcəyi heç vaxt ağlıma gəlməzdi. O, bizim yaddaşlarımızda mərdliyi, səmimiliyi, zəhmətkeşliyi və dürüstlüyü ilə tanınan yüksək keyfiyyətlərə malik bir insan kimi qalacaq. Tarix olan qəhərman , tarixləşən xatirələri ilə yaddaşımıza əbədi həkk olundu.

 

Cənnətdəki ilk doğum günün mübarək, ölümsüz qəhrəman!

 

 

 

Press az

Xəbər lenti