Logo

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir

05.08.2022 10:39 387 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə avqustun 21-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.

Tehsil.biz DİM-in saytına istinadən xəbər verir ki, bu gün saat 09:30-a olan məlumata görə, 1066 (BA - 299, BB - 767) nəfər qeydiyyatdan keçib. Qeydiyyat avqustun 11-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb.

İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək buraxılış vərəqəsində qeyd olunacaq.

İmtahan vermək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri haqqında məlumat DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Təhsil haqqında məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub-olmadığını “Elektron hökumət” portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə öyrənmək olar.

Namizədlərin qeydiyyatdan keçməzdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün istifadə edəcəkləri məlumatlar DİM-in saytında yerləşdirilib.

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə test imtahanında iştirak edir.

Xəbər lenti