Logo

Peşəkar mühasib sertifikatı almaq istəyənlər sabah imtahan verəcəklər

24.09.2022 14:23 177 baxış
IMG

Sentyabrın 25-də Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirəcək.

Tehsil.biz xəbər verir ki, imtahana qeydiyyat Mərkəzin saytı vasitəsilə aparılıb və imtahan vermək üçün 735 (KOSS-199, MHBS-230, İSMHBS-306) nəfər müraciət edib.

İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmır.

Üç saat davam edəcək imtahanda namizədə biliklərin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim ediləcək. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

İmtahana buraxılış vərəqəsini DİM-in saytından çap etmək mümkündür. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. DİM imtahan iştirakçılarından kitabça ilə mütləq tanış olmağı xahiş edir.

Namizədlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- imtahana buraxılış vərəqəsi;

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 3 binada təşkil olunacaq. İmtahanının keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 64 nəzarətçi müəllim, 8 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.

Xəbər lenti