Logo

Nərgiz Qəhrəmanova: Ulu Öndər Azərbaycanda elm, təhsil və mədəniyyətin inkişafına hər zaman xüsusi qayğı ilə yanaşıb

01.10.2022 11:34 198 baxış
IMG

Ulu öndər Heydər Əliyev elm, təhsil və mədəniyyətin inkişafına hər zaman xüsusi qayğı ilə yanaşıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi bu dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, bu günədək çap olunan elmi əsərlərin, kitabların sırasına yenilərinin əlavə olunmasına geniş imkanlar yaradacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının informasiya şöbəsinin sektor müdiri Nərgiz Qəhrəmanova deyib.

Nərgiz Qəhrəmanova vurğulayıb ki, Heydər Əliyev bütün həyatı boyu ədalətli mövqeyi ilə xalqımızın güvənc yerinə çevrilmişdir. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. İstər müasir tələbata uyğun elmi kadrların hazırlanmasında, istər Azərbaycan Respublikasının beynəlxalq aləmə və qlobal iqtisadi mühitə sürətlə inteqrasiya etməsində, istərsə də ölkənin sosial-iqtisadi istiqamətlərdə ciddi uğurlar qazanmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə reallaşan tədbir və islahatların rolu danılmazdır.
Azərbaycanı inkişaf etdirmək, şöhrətləndirmək, xalqın tükənməz potensialını üzə çıxarmaq Heydər Əliyevin ən böyük amalı idi. Dahi şəxsiyyət Azərbaycanın tərəqqisinin yeganə yolunu məhz xalqın yüksək təhsil almasında, maariflənməsində, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsində görürdü.

Heydər Əliyevin xalqın təkidli tələbi ilə dəfə hakimiyyətə qayıdışından sonra da elm və təhsilin inkişaf etdirilməsinə böyük önəm verilib. 1997-ci il yanvarın 31-də Heydər Əliyev Elmlər Akademiyasının rəhbərliyini və aparıcı alimlər qrupunu qəbul edərək, elm sahəsində islahatların aparılmasının vacibliyini təsdiqləyib, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını qəti olaraq müəyyənləşdirib. Bu tarixi görüşdən başlayaraq, Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Ulu Öndərin tövsiyələrini rəhbər tutaraq akademiyada islahatların aparılması, elmi tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, elmi-təşkilati bazanın hazırlanması sahələrinə dair qərarlar qəbul edib və tədbirlər həyata keçirib. Eyni zamanda, “Elmin strateji inkişafı və Azərbaycanın Milli Elmlər Akademiyasında islahatlar” konsepsiyası işlənib hazırlanıb.
Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Elmin inkişafına göstərilən yüksək diqqət, eyni zamanda, Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.

“Ulu Öndərin öz əzəli və əbədi Azərbaycan torpaqları olan Qarabağın işğaldan azad olunması ilə bağlı arzuları ata vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində reallaşdı. Azərbaycan xalqı iki ildir ki, tarixi Zəfərimizin sevincini yaşayır, 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyulub. Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Bu Zəfərə gedən yolun əsasında Azərbaycan xalqının böyük oğlu, dünyaşöhrətli siyasi xadim, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır.

Azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada hər zaman Azərbaycanın rəmzi kimi xatırlanacaq. Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti olan müqəddəs miras – müstəqil Azərbaycanı qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”, - deyə Nərgiz Qəhrəmanova vurğulayıb.

Xəbər lenti