Logo

Beynəlxalq STEAM Azərbaycan Festivalının bağlanış mərasimi - FOTOLAR

09.12.2022 20:02 302 baxış
IMG

Dekabrın 9-da Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-nin bağlanış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, bağlanış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, digər dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, ali təhsil müəssisələrinin rəhbərləri, elmi-tədqiqat institutlarının direktorları iştirak ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayaraq festival qaliblərini təbrik edib.

Ölkəmizdə "STEAM Azərbaycan" layihəsi istiqamətində görülən işlərə dövlət tərəfindən yüksək səviyyədə dəstək göstərildiyini vurğulayan Emin Əmrullayev bu dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.

Layihənin son 3 ildə 100 mindən çox şagird, yüzlərlə məktəbi əhatə etdiyini qeyd edən nazir yaxın vaxtlarda STEAM muzeyi, STEAM İnnovasiya Mərkəzinin də fəaliyyətə başlayacağını əlavə edib.

Nazir çıxışının sonunda bir daha qalibləri təbrik edib və bu cür festivalların mütəmadi təşkil ediləcəyini bildirib.

Bağlanış mərasimində çıxış edən AMEA-nın prezidenti İsa Həbibbəyli "STEAM Azərbaycan" layihəsini yeni nəslin intellektual inkişafı üçün düşünülmüş mükəmməl bir layihə adlandırıb və qalibləri təbrik edib.

Daha sonra "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov hesabatla çıxış edib. Bildirilib ki, SAF 2022-də 43 komanda I, 102 komanda II, 108 komanda isə III yerə layiq görülüb.

Daha sonra qalib komandalara mükafatlar təqdim edilib.

Qeyd edək ki, festival 5-9 dekabr tarixlərində keçirilib.

SAF 2022-yə ümumilikdə 350 komandadan 1300-dən çox iştirakçı qatılıb.  Onlardan 127-si xarici ölkə, 442-i isə yerli iştirakçı olub. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil ediblər.

​​​​​​

Xəbər lenti