Logo

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslərin NƏZƏRİNƏ

24.01.2023 12:16 82 baxış
IMG

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün təlimlər və imtahanlar davam edir.

Tehsil.biz xəbər verir ki, səmərəli ünsiyyət texnikaları təlimlərində Bakı şəhəri, Gəncə, Bərdə, Göyçay, Şəki, Şəmkir və Xaçmaz regional bölmələri üzrə müraciət edən 1085 namizəd iştirak edib.

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə keçirilən təlimlər 7 yanvar 2022-ci ildən başlanılıb.

Təlimlərin birinci günü səmərəli ünsiyyət, işgüzar etiket texnikaları, ünsiyyət prosesində stresin idarə olunması və etik davranış qaydaları mövzularını əhatə edir. Bundan əlavə, psixometrik testlər vasitəsilə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılır.

Təlimlərin ikinci günündə isə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir və fikir mübadiləsi aparılır. Bu təlimlərdə bu günə qədər 642 namizəd iştirak edib.

Təlimlərdən sonra namizədlər yekun test imtahanında iştirak edirlər. Yekun test imtahanında isə namizədlərin təlimlər zamanı əldə etdikləri imtahanların texnologiyası, zal nəzarətçilərinin vəzifələri və funksiyaları haqqında nəzəri bilikləri yoxlanılır. Məlumat üçün bildirək ki, 21 və 22 yanvar tarixlərində yekun test imtahanda 194 namizəd iştirak edib. Onlardan 186 nəfəri ümumi nəticəyə əsasən müvafiq zal nəzarətçisi sertifikatı əldə etmişdir.

Qeyd edək ki, cari ildə zal nəzarətçisi sertifikatı əldə etmək üçün 2785 nəfər öz ərizəsini təsdiq edib. Ümumi prosesin fevral ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

Xəbər lenti