Logo

Azərbaycanlı alim Omanda doktorluq dissertasiyasını müdafiə edib - FOTO

26.01.2023 12:55 339 baxış
IMG

Omanın Sultan Qabus Universitetində azərbaycanlı alim Rəşad Həsənovun “Hüseyn Cavid və Cübran Xəlil Cübran yaradıcılığında qadın obrazlarının müqayisəsi” mövzusunda doktorluq dissertasiyası müzakirə edilib.

Tehsil.biz xəbər verir ki, Elmi Şurada İngilis dili və ədəbiyyatı kafedrasından Dr. İzzə əl-Kindi sədr, Ərəb dili və ədəbiyyatı kafedrasından Prof. Dr. İhsan Sadiq Əlləvati elmi rəhbər və Dr. Məhrus əl-Quləli daxili ekspert, Suhar Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasından Prof. Dr. Nidal əş-Şəmali və II Əlcəzair Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasından Prof. Dr. Vəhid bin Buaziz isə xarici ekspert qismində iştirak ediblər.

Həmyerlimizin dissertasiyasında azərbaycanlı yazıçı Hüseyn Cavid (1882–1941) və livanlı yazıçı Cübran Xəlil Cübranın (1883–1931) əsərlərində qadının ailədə və cəmiyyətdə itirilmiş hüquqlarını müdafiə etməsi tədqiq olunub. Nəzərə çatdırılıb ki, ictmai, siyasi və mədəni baxımdan fərqli mühitdə, amma eyni dövrdə yaşayan hər iki ədib qadın obrazlarını bütün insan şüuruna xas olan arxetiplərə görə təqdim ediblər.

Müzakirələrdən sonra Elmi Şura tərəfindən Rəşad Həsənova ərəb ədəbiyyatı ixtisası üzrə elmlər doktoru dərəcəsi verilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Rəşad Həsənov ali təhsilinin bakalavr pilləsini Azərbaycan Beynəlxalq Universitetinin regionşünaslıq fakültəsində, magistr pilləsini Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində alıb. Soydaşımız doktorluq dissertasiyasını müdafiə etmək üçün Omandakı Sultan Qabus Universitetini seçib.

Xəbər lenti