Logo

BDU-nun Jurnalistika fakültəsinin tələbələri AZƏRTAC-da olublar - FOTO

02.02.2023 21:57 405 baxış
IMG

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrinin bir qrupu ilə görüş keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, tələbələr əvvəlcə AZƏRTAC-ın yeni binasında yaradılan şəraitlə maraqlanıblar. Gənclər Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərlə, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzeylə tanış olublar.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev tələbələrlə görüşüb, onları 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. İdarə Heyətinin sədri görüşdə Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısından söz açıb, dövlətimizin başçısının siyasətinə uyğun olaraq AZƏRTAC-da da bu istiqamətdə görülən işlərdən danışıb. Bildirib ki, hazırda AZƏRTAC-ın əməkdaşlarının böyük əksəriyyəti gənclərdir.

Agentliyin İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov tələbələrə AZƏRTAC-ın tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, bir əsrdən artıq yaşı olan agentlik dəyərli jurnalistika ənənələri və təcrübəsinə malikdir. Dünyanın qocaman agentliklərindən biri kimi AZƏRTAC-ın adı dünya müəlliflərinin media ilə bağlı monoqrafiyalarında da əks olunub.

Qeyd olunub ki, ölkədə və xarici media üçün agentlik rəsmi xəbərlərin ilk mənbəyi olmaqla yanaşı, eyni zamanda, ictimaiyyət üçün etibarlı informasiya mənbəyidir. Gün ərzində agentliyin xəbər lentində 8 dildə (Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, Çin və ispan) 500-dən artıq xəbər yerləşdirilir və ölkənin həyatında baş verən əsas hadisələr barədə məlumatlar xarici medianın xəbər bloklarında da əks olunur.

Görüşdə sosial media, qlobal informasiya məkanı, xəbər yazılışı, jurnalistika ənənələri və digər istiqamətlər barədə tələbələrlə müzakirələr aparılıb.

Xəbər lenti