Elə bir mövzu haqda yazıram ki, hələ də tərəddüdlüyəm. Çünki onlar haqda yazmaq elə onlara layiq olmağı bacarmaq, onların ucaltdığı zirvəni dərk etmək qədər çətin və məsuliyyətlidir.
Söhbət düşmən qarşısında inamla dayanan, ünvanı əbədiyyət olan Şəhidlərimizdən gedir. Belə bir sual versəm ki, – Şəhidlik nədir?. Tərəddüdsüz cavab verərəm ki – Şəhidlik, Vətənə olan sonsuz eşqin, məhəbbətin təcəssümüdür, şüurlu şəkildə ölümü gözə ala bilməkdir. Susuzluqdan boğazın quruyar, amma geridə qoyduğun insanları suya doyuzdurmadan o suyu dilinə vurmamağa bənzəyir – Şəhidlik.
Öncə Vətən, Xalq sonra sən. Və bəlkə də, sonra olmayan Sən...
Elə bir zirvədir ki Şəhidlik bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur, sadəcə müqqədəs məqsəd, amal uğrunda çarpışan Vətən və Xalq naminə ləyaqətlə vuruşan igidlərimizə qismət olur.
Belə oğullarımızdan biri də şəhid Səbuhi Əhmədovdur. Hər kəs deyir ki, o kimsəsizdir. Düzdür, ata-ana himayəsindən məhrum böyüyüb Səbuhi Əhmədov, ancaq onun özü də, dərdi də dağ boyda olan Xalqı, Azərbaycanı var. Vətənin oğludur o. Vətən ona həm ana, həm də atadır.
Səbuhi Əhmədov 2 yaşında valideynlərini itirmiş, yeganə qardaşı Sənan ilə "Sos" kəndində uşaq evinə yerləşdirilmiş və orada böyümüşdür.18 yaşına çatdıqda oradan ayrılmış, hərbi xitmətini layiqincə başa vurmuşdur. Xidmətdən qayıtdıqdan bir neçə ay sonra ona hərbidən işləmək üçün təklif gəlmiş və Səbuhi o gündən hərbidə çalışmağa başlamışdır. Qardaşının dediyinə görə, Səbuhi ancaq postlarda olurmuş. Qəhrəman şəhidimiz 44 günlük müharibəyə qədər çavuş rütbəsinə, 44 günlük müharibədən 5 gün əvvəl isə gizir rütbəsinə təyin edilmişdir. Həmin müharibədə də igidliklə vuruşan şəhidimiz nəticədə 4 medalla təltif olunmuşdur. İşinə davam edən Səbuhi 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə erməni dəstələrinin törətdiyi təxribat nəticəsində şəhadətə ucalmışdır.
Şəhidin qardaşı Sənan Əhmədov deyir ki, "Qardaşım həmişə deyərdi ki, mən adi ölüm istəmirəm, onda kim ağlayacaq məni, məzarımın üstünə gələcək nə anam var, nə atam, amma şəhid olsam, el ağlayar məni". Şəhidimizin dediyi kimi də oldu. Ölümü ilə bütün xalqı göz yaşına boğdu Səbuhi. Bütün Azərbaycan ailəsi oldu qəhrəmanın. Dəfnindən tutmuş onun üçün keçirilən ehsanlara qədər hər kəs qardaşı Sənanın dərdini öz dərdi bilib qan ağladı. Ən böyük arzusu ailə qurmaq imiş Səbuhinin. Sevdiyi də varmış. Qardaşı ilə tanış eləmək belə qismət olmadı ona. Şəhidlik zirvəsinə ucalmamışdan bir gün əvvəl qardaşına deyib ki, gələcəm, məni evləndirərsən. Arzusu ürəyində qaldı şəhidimin. Nakam köçdü bu dünyadan. Amma şərəfli yaşadı, şərəfli getdi Səbuhi (əslində getmədi, bizlərlədi). Geridə qoyduğu isə bircə qardaşı oldu. Onun ürək yandıran fikirləri məni bu sözləri yazmağa vadar etdi, bəlkə ürəyim bir az təskinlik tapar deyə "Bizim bir-birimizdən başqa heç kimimiz yox idi. Biz kürəyimizi bir-birimizə dayamışdıq, mən arxamı, dayağımı itirdim..."
Artıq cismani olaraq həyatda yoxdur, nə Səbuhi, nə də digər şəhidlərimiz, ancaq bu mərtəbəyə ucalan insanlar cismən ölsələr də, bir tərəfdən də ölümləri ilə bir əbədilik qazanırlar. Xalq şairi Səməd Vurğunun dediyi kimi:
Ölüm sevinməsin qoy,
Ömrünü vermir bada...
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Şəhidlər Vətəni sevərək şəhadətə ucaldılar, biz də onları sevərək əbədi var edəcəyik...
Zeynalova Fatimə
BDU-nun Jurnalistika fakültəsinin birinci kurs tələbəsi