Logo

"Sabahın alimləri” müsabiqəsinin bağlanış mərasimi keçiriləcək

01.03.2021 15:50 394 baxış
IMG

Martın 2-də “Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi keçiriləcək. Müsabiqədə 14 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 208 şagird 123 elmi  layihə ilə iştirak etmək hüququ qazanıb. Bu layihələrdən 37-si fərdi, 86-sı isə kollektiv layihədir. Şagirdlər müsabiqəyə riyaziyyat  üzrə 14, fizika, astronomiya  üzrə 16, kimya üzrə 8, biologiya üzrə 16, tibb və sağlamlıq üzrə 12, ekologiya, ətraf mühitin idarəolunması üzrə 20, kompüter elmləri  üzrə 10, mühəndislik üzrə 17 layihə ilə qatılıblar.

 

Layihələrin qiymətləndirilməsini həyata keçirmək məqsədilə alimlərdən ibarət Münsiflər heyəti yaradılıb. Qaliblər sırasından İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil etmək üçün  isə 7 layihə  seçiləcək.

 

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə  keçirilir.

 

Müsabiqənin məqsədi IX-XI sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsidir. 

Xəbər lenti