Logo

İsa Həbibbəyli ULAKBİM-in rəhbəri Mehmet Mirat Satoğlu ilə görüşüb - FOTO

17.11.2023 14:00 234 baxış
IMG

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) rəhbəri Mehmet Mirat Satoğlu ilə görüşüb.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bu gün ən yüksək dövrünü yaşadığını, bütün sahələrdə sıx əməkdaşlıq edildiyini, bu əlaqələrin bütün dünya üçün örnək olduğunu söyləyib. Qeyd edib ki, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində ölkələrimiz arasındakı münasibətlər Türk dünyasının, eləcə də Türk Dövlətləri Təşkilatının canlanmasına təkan verib.

AMEA ilə TÜBİTAK arasında da münasibətlərin gündən-günə inkişaf etdiyini bildirən akademik İsa Həbibbəyli qurumun rəhbəri Hasan Mandalın dəfələrlə akademiyada olduğunu, konfranslarda iştirak etdiyini, eyni zamanda, AMEA rəhbərliyinin Türkiyədə TÜBİTAK-ın ofisində olduğunu diqqətə çatdırıb.

Dövlətimizin başçısının “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə akademiyada struktur islahatlarının aparıldığını qeyd edən akademik İsa Həbibbəyli yaranmış yeni şəraitdə AMEA ilə TÜBİTAK arasında yeni əməkdaşlıq protokolunun imzalanmasının zəruriliyini vurğulayıb, hazırda bu istiqamətdə işlərin yekunlaşmaq üzrə olduğunu deyib.

Akademik İsa Həbibbəyli çıxışında, həmçinin AMEA-da Elektron akademiya şöbəsinin yaradıldığını, eləcə də elmi müəssisə və təşkilatlarda Elektron xidmətlər şöbələrinin təşkil edildiyini, saytlarının və jurnallarının təkmilləşdirildiyini, alimlərimizə istinadların sayının artırılması məqsədilə “Google scholar”da akademik profillərinin açıldığını, məqalələrə DOI identifikatorunun verilməyə başlandığını söyləyib.

AMEA rəhbəri qeyd edib ki, bu gün akademiyanın 30-a yaxın jurnalı çap olunur və onların ULAKBİM-in nüfuzlu Dərgi Park elektron baza reyestrinə daxil edilməsi alimlərimizin elmi nailiyyətlərinin dünyaya çıxarılmasına mühüm töhfə verəcək.

Akademik İsa Həbibbəyli çıxışının sonunda TÜBİTAK kimi nüfuzlu qurumun fəaliyyətinin qürurverici olduğunu deyib və AMEA-nın bütün istiqamətlərdə əməkdaşlığa dəstək verəcəyini söyləyib.

Sonra çıxış edən ULAKBİM-in rəhbəri Mehmet Mirat Satoğlu AMEA ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. O, ULAKBİM-in Dərgi Park elektron baza reyestrinin yaranma tarixindən və jurnalların yerləşdirilməsi üçün mövcud tələblərdən danışıb.

Xəbər lenti