23-24 noyabr tarixlərində Azərbaycan Respublikasının Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində Müəllimlərin idarəedilməsi qrupunun beşinci təlim görüşləri baş tutub.
ARTİ-dən "Tehsil.biz"ə verilən məlumata görə, müəlimin keçirilməsində əsas məqsəd müəllimlərin peşəkar inkişafı və peşəkar öyrənmə proqramlarının effektivliyinin ölçülməsi üzrə konsepsiyanı nəzərdən keçirmək və yekunlaşdırmaq olub. O cümlədən müəllimlərin işə qəbulu, davamlı qiymətləndirilməsi, sertifikatlaşdırılması və peşədə irəliləməsi üzrə çərçivə sənədini hazırlamaq təlim görüşünün əsas istiqamətlərindən biri olmuşdur.
Təlimlərdə spiker qismində Maya Yukiç, dəstək qismində isə Srdcan Verbiç çıxış ediblər. Təlimlər zamanı iki gün ərzində iştirakçılar müəllimlərin peşəkar inkişafı, işə qəbul qaydaları, davamlı qiymətləndirilməsi, sertifikatlaşdırılması, peşədə irəliləməsi üzrə beynəlxalq yanaşma ilə yaxından tanış olublar.
30 noyabr – 1 dekabr tarixlərində isə sözügedən işçi qrupunun altıncı təlim görüşləri keçirilib. Burada əsas məqsəd imtahan texnologiyası ilə daha yaxından tanış olmaq (imtahan növləri, imtahan qaydaları, müxtəlif imtahan texnologiyalarının üstünlükləri və çatışmazlıqları, müxtəlif qiymətləndirmə alətləri və texnologiyaları, qiymətləndirmə prosesini təkmilləşdirmək və vaxtında rəy vermək üçün texnologiyadan istifadə etməkdir. Eyni zamanda imtahan spesifikasiyasının hazırlanması mərhələlərini və digər imtahan materiallarının hazırlanması qaydalarını təhlil etmək, imtahan tapşırıqlarının və digər imtahan materiallarının keyfiyyətini təmin etmək, sinif müəllimləri üçün 2024-cü il müəllimlərin işə qəbul imtahanının pedaqoji hissəsi üçün imtahan spesifikasiyasının layihəsini və 2024-cü il üzrə müəllimlərin işə qəbul imtahanının qrafikini hazırlamaq da prioritet istiqamətlərdən biri olmuşdur.
İki gün ərzində təşkil olunan təlimlərdə iştirakçılar imtahan texnologiyasının araşdırılması, imtahan sepsifikasiyasının hazırlanmasında iştirak etmiş və imtahanın hazırlanması prosesi üzrə beynəlxalq təcrübə ilə yaxından tanış olub və mərhələlər üzrə təcrübə əldə ediblər.
Hər iki təlim görüşlərində iştirakçılara təlimçilər Maya Yukiç və Srdcan Verbiç tərəfindən təqdimat olunub və qruplarla iş aparılıb.
Qeyd edək ki, sözügedən işçi qrupunda 40 nəfər iştirak edir.